
Mingəçevir Şəhər Məhkəməsində Şəhər Mərkəzi Xəstəxanasının oftalmoloqu Elxan Hüseynovun qeyri-rəsmi nikahda yaşadığı Pərvanə Tahirova barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb.
Gununsesi.info xəbər verir ki, E.Hüseynov əvvəllər qeyri-rəsmi nikahda yaşadığı və 3 yaşlı övladının anası olan qadının Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və böhtan) maddələri əsasında məsuliyyətə cəlb edilməsini tələb edib. O bildirib ki, əvvəllər sevgi münasibətində olduğu qadın mətbuatda və yutub platformasında çıxış edərək onun haqqında təhqiramiz və böhtan xarakterli fikirlər bildirib. Yutubda yayılmış video məhkəməyə sübut kimi təqdim edilib.
Məhkəmə xüsusi ittiham qaydasındakı şikayəti təmin edib. P.Tahirova qeyd edilən maddələr üzrə təqsirli hesab edilib və 1500 manat cərimə olunub.
