
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı bir qrup respublikaçı Fələstin-İsrail münaqişəsinin kəskinləşəcəyi təqdirdə, prezident Co Baydenə müxtəlif Yaxın Şərq qruplarına, o cümlədən Livandakı “Hizbullah” qruplaşmasına qarşı güc tətbiq etməyə icazə verən qətnamə layihəsi hazırlayır.
Gununsesi.info xəbər verir ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol (Texasdan olan respublikaçı) bu barədə “Defence News”a bildirib.
“Hizbullah”ın münaqişəyə cəlb olunmasına hazır olmalıyıq”, – deyə o əlavə edib. Maykla görə, Hərbi Qüvvələrin İstifadəsi üçün Səlahiyyət (AUMF) adlanan qətnamə ona görə lazımdır ki, ABŞ administrasiyası mövcud qanuna uyğun olaraq, İranla əlaqəli olduğu iddia edilən qruplara, o cümlədən HƏMAS, “Hizbullah” və ya İraqdakı şiə hərbi qruplara zərbə endirmək icazəsinə malik deyil.
Lakin Demokratlar Partiyasının Xarici Əlaqələr Komitəsindəki nümayəndəsi Qreqori Miks portala müsahibəsində qətnaməni vaxtından əvvəl hazırlanan sənəd adlandırıb. “Əgər AUMF-a ehtiyac olarsa, Bayden administrasiyası onu irəli aparacaq”, – deyə o bildirib. Miks indiki mərhələdə Yaxın Şərq regionunda gərginliyin azaldılması istiqamətində atılan addımları daha vacib hesab edir.
“Defence News” qeyd edir ki, ABŞ Konstitusiyasına və Müharibə Səlahiyyətləri Aktına əsasən, müdafiənin tələb etdiyi hallar istisna olmaqla, beynəlxalq münaqişələrdə gücdən istifadəyə yalnız Konqres icazə verə bilər.
Səid Əhmədli
Gununsesi.info