
Teatr, kino və dublyaj aktrisası Svetlana Xarlap 84 yaşında dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Rusiya Akademik Gənclər Teatrının (RAMT) teleqram kanalında paylaşılıb.
“26 aprel tarixində möhtəşəm bir aktrisa – Svetlana Yevgenyevna Xarlap həyatdan köçdü. Teatrımıza xidmətiniz üçün sizə təşəkkür edirik. Ruhunuz şad olsun”, – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Svetlana Xarlap 17 dekabr 1940-cı ildə Moskvada anadan olub. O, Mərkəzi Uşaq Teatrının Dram Studiyasını və GİTİS-in teatrşünaslıq fakültəsini bitirib. 1964-cü ildə RAMT-ın truppasına qəbul olunub.
Xarlap teatrda 55 illik fəaliyyəti ərzində 60-dan çox rolda çıxış edib. Dublyaj sənətində isə 170-dən çox bədii və animasiya filmində iştirak edib. Onun səsləndirdiyi layihələr arasında “İskəndər” (2007), “Şokolad” (2000), “Məni tuta bilsən, tut” (Catch Me If You Can, 2002) kimi filmlər yer alır. O, həmçinin “Qozbel at” (1975), “Qar kraliçası” (1957), “Addamslar ailəsi” (2019) kimi məşhur cizgi filmlərində də personajları səsləndirib.
Svetlana Xarlap “Gecəniz xeyrə qalsın, uşaqlar” və “Əlifba dərsi” (ABVQDeyka) kimi məşhur televiziya proqramlarında da iştirak edib.
Gununsesi.info