İşçilərdən hər gün duş alınması tələb edildi

Yay fəslinin yaxınlaşması və temperaturun yüksəlməsi səbəbindən Cənubi Koreyada bir yerli şirkət ofis işçilərinə qeyri-adi bir müraciət ünvanlayıb. Şirkət əməkdaşlardana müraciət edərək onlardan daha tez-tez yuyunmağı xahiş edib.

Gununsesi.info xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Bildirilir ki, şirkətin adı ictimaiyyətə açıqlanmayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, sözügedən müraciətin skrinşotu internetə sızdıqdan sonra bu məsələ X platformasında (əvvəllər Twitter) geniş müzakirələrə səbəb olub. Memorandumda işçilərə gündə ən azı bir dəfə duş qəbul etmək, təmiz paltar geyinmək, dezodorant və nəm salfetlərdən istifadə etmək tövsiyə olunub.

Həmçinin, ofis otaqlarının mütəmadi olaraq havalandırılması da sənəddə vurğulanıb: “Siz qoxunu hiss etmədiyinizi düşünə bilərsiniz – amma iş yoldaşlarınız bunu sizə demirlər.”

Sosial şəbəkə istifadəçilərinin münasibətləri qarışıq olub. Bəziləri bu addımı müsbət qiymətləndirərək, iş yerində belə xatırlatmaların vacib olduğunu bildirib.

Digərləri isə sənədin göndərilməsini qəribə və hətta təhqiredici sayaraq, təəccüblərini gizlətməyiblər.

 

 

Şəbnəm

Gununsesi.info