
Az qala 30 ilə yaxın çəkən mənasız sülh danışıqlarından sonra Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü təmin etdi.
Bu, ötən illər ərzində ölkəmizi təslimçi sülhə vadar edən ayrı-ayrı ölkələr və beynəlxalq dairələr üçün nə qədər gözlənilməz olsa da onlar üçün yeni reallıq yaratdı.
Qarabağın işğaldan azad olunmasından sonra Prezident Administrasiyasının təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçilərinin bu bölgəyə səfərləri təşkil olundu.
Bu səfərlərin təşkilində məqsəd 30 il ərzində ermənilərin Azərbaycan xalqının əmlaklarına vurduğu qəsd, milli-mədəni abidələrə qarşı vandallığı onlara göstərməklə bərabər həm də xarici bir dövlətin səfirinin mübahisəsiz bölgəyə gəlməsini nümayiş etdirmək idi.
Təbii ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və cəmiyyəti xarici diplomatların səfərlərini görürdü və dünyanın yeni reallığı da qəbul etdiyinin fərqində idi.
Həmişə bu səfərlərdə diqqəti çəkən ABŞ səfirinin orada görünməməsi idi.
Xatırladım ki, keçmiş səfir Örl Litzenberq bu tipli səfərdə olmamışdı və onun bu dəvətləri rədd etməsi Azərbaycan cəmiyyətində ABŞ-ın hələ də ölkəmizin ərazi bütövlüyünə şübhə ilə yanaşması kimi qiymətləndirilirdi.
Amma söhbət fövqəldövlət olan Amerikadan gedirsə, bu ölkəyə zorla nəyi isə diqtə etdirmək yersizdir.
Bugün yeni səfir Mark Libbinin Şuşaya getməsi barədə xəbərlər yayılıb.
Sosial şəbəkələrdə bu səfərin guya təzyiqlərdən sonra reallaşmasına dair fikirlər ortaya çıxıb.
Ancaq əsl reallıq başqadır.
Mark Libbi bu səfəri gerçəkləşdirməklə Azərbaycan cəmiyyətində “ABŞ ölkəmizin ərazi bütövlüyünü tanımır” kimi fikirlərin yəqinləşməsinin qarşısını aldı.
İndiyədək Amerikanın bu məsələlərdə ehtiyyatlı davranması da başadüşüləndir.
Qarabağdan ermənilərin kütləvi köçü ABŞ-ı və digər ölkələri təbii ki, narahat etməyə bilməzdi. Söhbət on minlərlə insanın (fərqi yoxdur, zorla ya könüllü) köçündən gedirdi.
Təəssüflər olsun ki, bu prosesdə ermənilərin təbliğat maşını bizdən daha güclü çalışdı və dünyada belə bir rəy yarandı ki, erməniləri zorla köçürürük.
Bu arada , həmçinin məsuliyyətsiz deputatların, medianın ordumuzun Göyçəyə daxil olacağına dair fikirləri də əleyhimizə işlədi.
Bütün hallarda Amerika səfiri Şuşaya getdi və oradan fotosunu paylaşdı.
Bir daha ABŞ-ın Azrbaycanın ərazi bütövlüyünə olan münasibətinə qayıdaraq, bu ölkənin hələ illər əvvəl Azərbaycanın təhlükəsizliyi üçün səylərini xatırlamaq kifayətdir.
Rusiyanın Qafqazı işğal planı zaman-zaman canlananda hər dəfə Amerikadan dəstək görmüşük.
Region və suverenliyimiz üçün bir təhlükə var: RUSİYA!
Əgər bugün Ermənistanda Sarkisyan-Köçəryan rejimləri hakimiyyətdə olsaydı, Putin qalibiyyətimizə göz yummazdı.
Xatırlayın, Paşinyan “Qarabağ Azərbaycandır” deyərkən Zaxarova Qarabağ ermənilərinə dəstək çağırışları edirdi.
Pərviz Həşimli
Gununsesi.info