
Bu ilin payızında ölkəmiz daha bir dünya səviyyəli tədbirə – COP 29-a ev sahibliyi edəcək.
Artıq tədbirin başlanmasına bir neçə ay qalsa da təşkilati işlərə start verilib.
Qeyd edək ki, “Conference of the Parties” (COP) müxtəlif dövlətlərdə keçirilir.
Bakıda təşkil olunan tədbir sayca 29-cu olduğu üçün COP 29 adlanır.
Azərbaycanın ev sahibliyi edəcəyi bu mötəbər tədbirdə iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderləri, hökumət rəsmiləri, alimlər, QHT-lər və digər maraqlı tərəflər bir araya gələcək.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev COP29-un ölkəmizdə keçirilməsi barədə verilən qərarı Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət kimi dəyərləndirib: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi”.
“Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi üçün böyük təcrübəsi var. Son illər sizin ölkəniz dünyanın çox nüfuzlu tədbirlərinə ev sahibliyi edib. Avropa Yay Oyunları, Eurovision mahnı müsabiqəsi, İslam Həmrəyliyi Oyunları və bir neçə mötəbər tədbirin adını çəkə bilərəm. Büten bunlara istinad edərək, hesab edirəm ki, Azərbaycan COP29 -u yüksək səviyyədə təşkil edəcək”.
Bunu isə Gununsesi.info-ya Moldova Parlamentinin AŞ PA -dakı nümayəndə heyətinin üzvü Jhon Groza deyib.
Dünyanın yeni hədəfini zamanla sürətlənən iqlim dəyişikliyi dövründə qlobal istiləşməyə qarşı mübarizə olduğunu vurğulayan Jhon Groza deyir ki, enerji ölkəsi olan Azərbaycanın buna xüsusi önəm verməsi təqdir edilməlidir:”Payızda bütün dünya bunun şahidi olacaq”.
Şəbnəm Rəhimova
Gununsesi.info