
“Rusiya Ukraynaya Şimali Koreyada istehsal olunmuş ballistik raketləri atır. Bu, əgər həqiqətdirsə, Moskva Şimali Koreyaya dair beynəlxalq sanksiyaları pozub”.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə BMT ekspertlərinin Təhlükəsizlik Şurası üçün hazırlanan hesabatda deyilir.
Reuters agentliyinin hesabatla tanış müxbirləri sənədə istinadla bildirilər ki, 2024-cü ilin 2 yanvarında Xarkova “Hwasong-11” ballistik raketi atılıb və nəticədə 40-dan çox yaralanan olub.
Hesabat müəlliflərinin yazdığına görə onlar raketin qırıntılarını aprel ayında müayinə ediblər.
Amma bununla yanaşı ekspertlər raketin buraxıldığı yeri və onun atanın hansı tərəf olduğunu müstəqil şəkildə müəyyənləşdirə bilməyiblər.
Hesabatda deyilir ki, Ukrayna tərəfinin təqdim etdiyi məlumatlara görə raket Rusiya ərazisindən atılıb.
Sursat və zərbənin nəticələri haqqında məlumatları öyrəndikdən sonra BMT ekspertləri bu nəticəyə gəliblər ki, Rusiya Şimali Koreyaya qarşı 2006-cı ildən qüvvədə olan silah embarqosunu pozub.
Rusiya və Şimali Koreya rəsmiləri hələki bu xəbəri şərh etməyiblər. Onlar Reuters agentliyinin bu barədə sorğularını cavabsız qoyublar.
2024-cü ilin fevralında Ukraynanın Təhlükəsizlik Xidməti – SBU xəbər verirdi ki, Rusiya hərbçiləri Ukraynaya 20 “Hwasong-11” raketi ilə zərbələr endiriblər və yüzlərlə adam xəsarət alıb.
SBU-nun ixtiyarında olan məlumatlara görə Şimali Koreya raketlərindən Rusiya tərəfindən ilk dəfə istifadə olunması 2023-cü il, dekabrın 30-da baş verib.
Bu da qeyd olunur ki, ŞKXR istehsalı raketlərlə Kiyevə, Xarkova və Donetsk vilayətinin yaşayış məntəqələrinə zərbələr endirilib.
Elə həmin vaxt The New York Times qəzeti ABŞ müttəfiqlərinin kəşfiyyatındakı mənbələrə istinadla yazırdı ki, Rusiya hökuməti Rusiya banklarından birində dondurulmuş Şimali Koreya aktivlərinin blokunu qaldırıb. Bu isə özlüyündə Pxenyana beynəlxalq bank sisteminə çıxış verib.
Qəzet bildirirdi ki, bu, Şimali Koreya Rusiyaya Ukrayna müharibəsində istifadə üçün silahlar verəndən sonra baş verib.
Bu ilin yanvarında ABŞ Dövlət Departamenti Rusiyanın Şimali Koreyada istehsal olunmuş raketlərdən istifadəsinə görə Rusiyanın üç təşkilatı və bir fiziki şəxsi üzərinə sanksiyalar elan etmişdi.
Sanksiya siyahısına Həştərxan vilayətindəki Vladimirovka və Aluşuk poliqonları, habelə “224-cü uçuş dəstəsi” dövlət şirkəti və onun direktoru Vladimir Mixeyçik daxil edilmişdilər.
Bundan başqa sanksiya siyahısına sözü gedən raketləri və onlara lazım olan avadanlığı daşıyan 4 təyyarə salınmışdı.
2023-cü ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Kirbi Reuters agentliyinə demişdi ki, Şimali Koreya Rusiyaya Ukrayna müharibəsində istifadə üçün 1000 konteyner sursat və avadanlıq verib.
ABŞ hökuməti və bir sıra Amerika ekspertləri Rusiyanın Şimali Koreya silahlarından artıq istifadə etdiyini bildirirlər.
Afət Abbasova
Gununsesi