
Livanın “Hizbullah” silahlı qruplaşması İsrail ordusunun Qəzza zolağında Əl-Əhli Baptist xəstəxanasına endirdiyi zərbədən sonra oktyabrın 18-i İsrailə və ABŞ prezidenti Co Baydenin İsrailə səfərinə qarşı “qəzəb günü” elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə qrupun müraciətində bildirilir.
Müraciətdə deyilir: “Bəşəriyyət sionist cinayətkar dəstələrin törətdiyi dəhşətli və vəhşi cinayətlərdən əziyyət çəkir”.
Təşkilat bildirib ki, sadəcə olaraq İsrailin hərəkətlərini qınamaq kifayət deyil.
“Biz İslam dünyasındakı və ərəb ölkələrindəki ümmətimizi dərhal hərəkətə keçməyə və bu böyük qəzəbi küçə və meydanlarda dilə gətirməyə çağırırıq”, – deyə müraciətdə bildirilir.
Xatırladaq ki, bundan əvvəl İsrailin Qəzza zolağında Əl-Əhli Baptist xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayının 500 nəfərə çatdığı bildirilib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam” briqadaları İsrailə qarşı “Əl-Əqsa Tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
İsrail-Fələstin münaqişəsinin gərginləşdiyi vaxtdan indiyədək 3000 fələstinli və 1300 israilli, həmçinin 13 jurnalist həlak olub.
Səid Əhmədli
Gununsesi.info