
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Gununsesi.info xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan onların ailələrinə və bütün Azərbaycan vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm.
Bu kədərli vaxtda Azərbaycan xalqı ilə həmrəyliyimizi bildirir, yaralıların tezliklə sağalmalarını arzulayırıq.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, mətndə deyilir:
“Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq.
İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından
Zati-alinizə, Azərbaycan hökumətinə, xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Yaralananların tezliklə sağalmalarını arzulayır, bu ağrı-acılı günlərdə Allahdan Sizə və Azərbaycan xalqına səbir və dözüm diləyirəm”.
X X X
Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.
Gununsesi.info xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri, əziz Qardaşım.
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması və çoxsaylı insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq.
Sudan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Biz, həmçinin bu dəhşətli hadisə zamanı xəsarət alanların tezliklə və tam sağalmaları üçün dua edirik.
Bu kədərli vaxtda mən Sudan hökumətinin və xalqının Azərbaycan Respublikası ilə davamlı həmrəyliyini bir daha təsdiq edirəm. Uca Allahdan diləyirəm ki, həyatını itirənlərə rəhmət eləsin, onların yaxınlarına səbir və təsəlli versin.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, mətndə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə nəticələnən faciə barədə kədərli xəbəri dərin təəssüf hissi ilə qarşıladım.
Kədərinizi bölüşərək həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu ağır itki bizim hamımızın ortaq kədəridir. Yaralananların tezliklə sağalmalarını diləyirəm.
Əminəm ki, qardaş Azərbaycan xalqı özünəməxsus mətanəti və cəsarəti ilə bu çətin sınaqdan çıxacaqdır”.
X X X
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Gununsesi.info xəbər verir ki, başsağlığında deyilir:
“Zati-aliləri cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması, çoxlu sayda insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu ürəkağrıdan hadisə ilə əlaqədar kədər və hüznümü bölüşür, Sizə və Azərbaycan xalqına, həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Uca Allahdan mərhumların ruhuna rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
Özbəkistanın Baş naziri Abdulla Aripov dekabrın 27-də Daşkənddəki Azərbaycan səfirliyinə gələrək Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar xalqımıza başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri məlumat yayıb.
Baş nazir, həmçinin xatirə kitabında qeyd qoyub.
KİV-in məlumatına görə, Azərbaycan səfirliyini, həmçinin Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov da ziyarət edib. Qeyd edilib ki, o, dərin hüznlə başsağlığı verib və xatirə kitabına qeyd qoyub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
X X X
Monteneqronun Baş naziri Miloiko Spajigin Azərbaycanın Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.
Gununsesi.info xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəvi şəkildə həlak olduğu xəbəri bizi sarsıtdı. Monteneqro hökuməti və şəxsən öz adımdan sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Fikir və rəğbətimiz dost Azərbaycan xalqı və bu faciədən zərər çəkmiş bütün insanlarladır”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
X X X
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
Gununsesi.info xəbər verir ki, başsağlığında deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması, bu hadisə nəticəsində həyatını itirənlərin və xəsarət alanların olması xəbərini dərin təəssüf hissi ilə qarşıladım.
Zati-alinizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah-Taaladan diləyirəm ki, həyatını itirənlərə rəhmət eləsin, onların yaxınlarına səbir və təsəlli versin, xəsarət alanlara tezliklə sağalmalarını nəsib etsin! Allah Sizi bütün pisliklərdən qorusun!”
X X X
Nikaraqua Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndəriblər.
Gununsesi.info xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri, Qardaşımız İlham Əliyev.
Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk.
Faciəvi hadisədə həlak olanlara Tanrıdan rəhmət, onların ailə üzvlərinə və yaxınlarına isə səbir diləyirik”.
***
İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev:
Gununsesi.info xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş vermiş ürəkağrıdan faciə ilə bağlı Sizə şəxsən öz adımdan, İsrail hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İsrail Dövləti çoxsaylı insan itkisi ilə əlaqədar kədərinizi bölüşür. Bu faciə nəticəsində həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk. Yaralıların hamısının tezliklə tam sağalmalarını arzu edirik.
İsrail Dövləti, eləcə də Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi bu çətin vaxtda Sizin yanınızdadır və lazım ola biləcək hər cür yardımı göstərməyə hazırdır.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul:
Gununsesi.info xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Qaqauziya sakinləri adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Bu ağır itkinin kədərini bölüşərək, faciə qurbanlarının ailələrinə və yaxınlarına təsəllimizi və dəstəyimizi ifadə edir, həmçinin hadisə nəticəsində yaralananların tezliklə tam şəfa tapmasını arzulayırıq”.
***
TÜRKSOY-un Baş katibi Sultan Raev:
Gununsesi.info xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyimi bildirir, Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, ağrınızı bölüşürəm.
Bütün Türk dünyasında dərin kədərə səbəb olan qəzada həyatını itirənlərə TÜRKSOY-un Baş Katibliyi adından və şəxsən öz adımdan Allahdan rəhmət, yaralananların tezliklə sağalmalarını diləyirəm”.