Rusiyanın Rostov şəhərində lövbərdə qalan, “Adler” firmasına məxsus “Consul” gəmisində çalışan 11 azərbaycanlı dənizçi 7 aydır maaşlarını ala bilmir.
Bu barədə gəmiçilər Gununsesi.info-ya müraciətlərində bildiriblər.
Dənizçilər bildiriblər ki, yığılıb qalan əməkhaqlarının ümumi məbləği təxminən 150 min ABŞ dollarıdır.
Onların sözlərinə görə, “Consul” gəmisinin sahibi Müzəffər Salim, şəriki isə Elman Mürselovdur. Gəmidə ümumilikdə 12 ekipaj üzvü çalışır və onlardan 11-i Azərbaycan, 1-i isə Rusiya vətəndaşıdır. Gəminin kapitanı Salahov Səbuhi, firmanın yerləşmə yeri isə İstanbul şəhərindədir.

Dənizçilər bildiriblər ki, yığılıb qalan əməkhaqlarının ümumi məbləği təxminən 150 min ABŞ dollarıdır:
“4 aydır ki, güllə və dron təhlükəsi altında qalmışıq. Firma 8 aydır ki, bizə maaş vermir. Gəmidə 12 azərbaycanlı var. Bütün günü dronların təhlükəsi altında yaşayırıq. Artıq nə edəcəyimizi bilmirik. Vəziyyətimiz çox ağırdır. Yol pulumuz yoxdur, gündəlik xərclərimizi belə qarşılaya bilmirik. Çox acınacaqlı vəziyyətdəyik və aidiyyəti qurumlardan kömək istəyirik”.
Dənizçilər aidiyyəti qurumlardan vəziyyətlərinin araşdırılmasını, təhlükəsizliklərinin təmin olunmasını və yığılıb qalan əməkhaqlarının ödənilməsi üçün tədbir görülməsini xahiş edirlər.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Şəbnəm Rəhimova












