Natiq Cəfərli: “Təqaüd sistemi üzrə addım-addım gələn böhran var”

  • Müəllif: Orxan
  • 06 Oktyabr 2026 11:59

İqtisadçı Natiq Cəfərli Azərbaycanda pensiya və sosial ödənişlər sistemi ilə bağlı yaxın illərdə ciddi risklərin yarana biləcəyini bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) hər ay ölkə üzrə təxminən 2,2 milyon vətəndaşa ümumilikdə 900 milyon manata yaxın sosial ödəniş həyata keçirir. Buraya pensiyalar, müavinətlər, təqaüdlər və ünvanlı sosial yardımlar daxildir.

Onun sözlərinə görə, DSMF vətəndaşlardan və işəgötürənlərdən məcburi dövlət sosial sığorta haqları formasında ayda orta hesabla 550 milyon manat civarında vəsait toplayır.

İqtisadçı dövlət büdcəsindən DSMF-yə ayrılan vəsaitin də artdığını vurğulayıb.

O bildirib ki, fond 2026-cı ildə dövlət büdcəsindən 1,7 milyard manat subsidiya/dotasiya alıb.

Cəfərlinin təqdim etdiyi rəqəmlərə əsasən, DSMF-yə dövlət büdcəsindən ayrılan vəsait belə olub:

  • 2022-ci il – 1 milyard 231,97 milyon manat
  • 2023-cü il – 1 milyard 467,77 milyon manat
  • 2024-cü il – 1 milyard 232 milyon manat
  • 2025-ci il – 1 milyard 600 milyon manat
  • 2026-cı il – 1 milyard 700 milyon manat

Natiq Cəfərli hesab edir ki, demoqrafik və iqtisadi proseslər mövcud tendensiyanın gələcəkdə daha da ağırlaşmasına səbəb ola bilər.

“Ölkədə iqtisadi aktivlik çox zəifləyib, əlavə dəyər yarada bilmirik, iş yerləri azalır, çox böyük ixtisarlar gedir, doğuş azalıb, ölkədən köçən gənc insanların sayı kəskin artıb”, – deyə iqtisadçı bildirib.

Onun fikrincə, qarşıdakı illərdə 1970–1990-cı illərdə doğulan böyük nəsillərin pensiya yaşına çatması təqaüdçülərin sayını artıracaq. Eyni zamanda, əmək bazarında aktiv əhalinin azalması sosial sığorta sisteminin gəlirlərinə əlavə təzyiq yarada bilər.

“Bu o deməkdir ki, dotasiyalar gələcəkdə də artmalıdır. Amma ölkə əlavə dəyər yarada bilmirsə, iqtisadiyyat yerində sayırsa, doğuş azalır, köçənlər isə artırsa, bu vəziyyətdən necə çıxacağıq?” – Cəfərli sual edib.

İqtisadçı hesab edir ki, problemin həlli üçün hökumət indidən qabaqlayıcı tədbirlər görməlidir.

“Hələ ki, gec deyil. Hökumət inadını buraxmalıdır, indi əsas hədəfi olan büdcəyə qənaət, büdcənin hər yolla doldurulması siyasətindən əl çəkməlidir”, – deyə o vurğulayıb.

Cəfərliyə görə, əsas prioritet iqtisadi azadlıqların genişləndirilməsi, iqtisadi aktivliyin artırılması və ölkədə daha çox əlavə dəyərin yaradılması olmalıdır. İqtisadçı hesab edir ki, iqtisadiyyat böyüdükcə dövlət büdcəsinə daxilolmalar da uzunmüddətli perspektivdə arta bilər.

O, həmçinin əhalinin gəlirlərinin və rifahının yüksəldilməsini sosial sistemin dayanıqlığı baxımından vacib hesab edir.

“Xalq varlanmalıdır ki, sosial müavinata ehtiyacı olanlar azalsın, büdcənin Neft Fondundan asılılığı minimuma ensin”, – Cəfərli bildirib.

İqtisadçı gələcəkdə Dövlət Neft Fondunun funksiyasına yenidən baxılmasını və toplanan vəsaitlərin sosial və demoqrafik məqsədlərə daha çox yönəldilməsini təklif edib. Onun fikrincə, fondun adının və funksiyasının dəyişdirilərək “Təqaüd və Gənclərə dəstək” Fondu kimi strukturlaşdırılması da müzakirə oluna bilər.

Cəfərli hesab edir ki, iqtisadi aktivliyin artırılması üçün biznes mühitinin liberallaşdırılması da vacibdir.

“Bizim xalq çalışqan xalqdır, pulu, pul qazanmağı sevir – bunu üstünlüyə, əsas resursumuza çevirməliyik. Dövlət-hökumət orqanları kömək etməsələr də olar, mane olmasınlar, vergi-rüsum-cərimələri azaltsınlar, biznesin işinə kənar müdaxilələri minimuma endirsinlər, yetər”, – deyə iqtisadçı qeyd edib.

Natiq Cəfərli hesab edir ki, pensiya sistemində mümkün böhranın qarşısını almaq üçün problem böyüyüb “uçurumun kənarına” çatdıqdan sonra deyil, indidən görülən qabaqlayıcı tədbirlərlə həll edilməlidir.

Elmar

Gununsesi.info