Türkiyəli politoloq: Türkiyə-Azərbaycan münasibətlərini pozmağa çalışırlar

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə yazı və fikirlərin yayılmasının şahidi oluruq.

Gərgin fikirlər iki ölkə arasındakı münasibətlər baxımından diqqət mərkəzindədir.

Gununsesi.info-ya danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay mövzunu belə şərh edib:

“Türkiyə və Azərbaycan ictimaiyyətində, xüsusilə sosial şəbəkələrdə son vaxtlar mənbəyi bəlli olmayan, Azərbaycana qarşı Azərbaycandan, Türkiyəyə qarşı isə Türkiyədən aparılan ciddi təbliğat müşahidə olunur.

Bu paylaşımların müəyyən məqsədə xidmət etdiyi görünür. Ardınca isə “Türkiyə-Azərbaycan münasibətlərini heç kim poza bilməz” fikri səsləndirilir. Bu yanaşmadan çıxış etdikdə, sözügedən paylaşımların əsas məqsədinin Türkiyə-Azərbaycan münasibətlərini zədələmək və bu münasibətlərə şübhə yaratmaq olduğu qənaətinə gəlmək mümkündür. Bu səbəbdən həmin paylaşımların müəyyən bir mərkəzdən yönləndirilməsi ehtimalı da araşdırılmalıdır.

Sosial şəbəkələrdə yaranan qarşıdurmaya ayrı-ayrı şəxslər qoşulduqda isə ilkin mərhələdəki yönləndirmə arxa plana keçir və proses həmin şəxslərin paylaşımları üzərindən davam edir. Nəticədə təbliğata təsir edən şəxslər ardıcıl şəkildə paylaşım etdikcə məsələ daha da böyüyür və sanki iki ölkə arasında ciddi problem varmış kimi təsəvvür yaranır.

Halbuki nə Azərbaycan, nə də Türkiyə tərəfi sözügedən məsələlərlə bağlı hər hansı rəsmi açıqlama verib. Bu vəziyyət müxtəlif şəxslərin, xüsusilə hakimiyyətə yaxın media nümayəndələrinin və digər şəxslərin öz yanaşmalarını sərbəst şəkildə yaymasına şərait yaradır.

Türkiyədə hakimiyyətə yaxın bəzi media nümayəndələrinin və şəxslərin müəyyən çevrələrin təsiri ilə Azərbaycana qarşı fərqli mövqe ortaya qoyduğu iddia edilir. Eyni zamanda, xarici qüvvələrin də bu prosesdən Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün istifadə etməyə çalışması ehtimalı nəzərdən keçirilir.

Digər tərəfdən, Azərbaycanın Türkiyədəki ictimai fəaliyyətinin də məqsəd və çərçivələrinin aşılması ehtimalı araşdırılmalıdır. Belə fəaliyyətlərin daxilinə müxtəlif xarici qüvvələrin təsir göstərməsi mümkündür”.

Həsən Oqtay qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə tərəfi bu cür fəaliyyət göstərən şəxsləri və qurumları diqqətlə izləməli, onların hansı məqsədlə belə paylaşımlar etdiyini müəyyənləşdirməlidir:

“Sosial şəbəkələrdə yayılan paylaşımlara nəzər saldıqda, onların müəyyən istiqamətdə və oxşar məzmun üzrə aparıldığı təəssüratı yaranır.

Ayrı-ayrı şəxslərin əvvəlki paylaşımlarında yer almayan tarixi hadisələri birdən-birə gündəmə gətirməsi, bu mövzular üzərindən qarşıdurma yaratmağa çalışması da diqqət çəkir. Həmin şəxslərin uzun müddət ərzində toxunmadıqları məsələləri birdən-birə geniş şəkildə gündəmə gətirməsinin arxasında müəyyən yönləndirmənin olub-olmadığı araşdırılmalıdır.

Xüsusilə oktyabrın 27-də İsraildə keçiriləcəyi bildirilən seçkilərin də bu prosesə təsirinin olub-olmadığı araşdırılmalıdır. İsrailin baş naziri Benyamin Netanyahunun siyasi mövqeyinin zəifləməsi fonunda müxtəlif ölkələrdəki təsir imkanlarından istifadə edib-etmədiyi ilə bağlı iddialar da diqqətdə saxlanılmalıdır. Bunun Türkiyə-Azərbaycan münasibətlərinə təsir edib-etmədiyi isə ayrıca araşdırılmalıdır.

Biz, Kafkassam olaraq, baş verən prosesləri yaxından izləyirik. Bu məsələ ilə bağlı yazılar yazan şəxslərin kimliyi, keçmiş fəaliyyəti və mümkün məqsədləri ilə bağlı araşdırma aparmışıq.

Bizim üçün Azərbaycan xalqına və dövlətinə yönələn hər hansı təhdid Türkiyənin milli maraqlarına qarşı yönəlmiş təhlükədir. Buna görə də sosial şəbəkələrdə yayılan paylaşımlar vasitəsilə Türkiyə-Azərbaycan münasibətlərini pozmaq mümkün deyil.

Bununla yanaşı, Azərbaycan və Türkiyənin müstəqil dövlətlər olduğu və ayrı-ayrı məsələlər üzrə fərqli siyasət yürüdə biləcəyi də nəzərə alınmalıdır. Dövlətlər yalnız keçmişdə baş vermiş hadisələr üzərindən deyil, mövcud vəziyyət və gələcək maraqlar nəzərə alınmaqla idarə olunur”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info