İş yerində kamera ilə müşahidə hansı hallarda qanuni sayılır?

  • Müəllif: Orxan
  • 07 Oktyabr 2026 12:09

İş yerlərində təhlükəsizliyin təmin edilməsi, əmlakın qorunması və iş prosesinə nəzarət məqsədilə kameraların quraşdırılması geniş yayılıb. Lakin bu zaman işçiləri maraqlandıran əsas məsələlərdən biri işəgötürənin onları kamera vasitəsilə hansı həddə müşahidə edə bilməsidir.

Gununsesi.info xəbər verir ki, hüquqşünas Şamil Paşayevin sözlərinə görə, iş yerində videomüşahidənin aparılması işəgötürənə işçinin şəxsi həyatına və şəxsi məlumatlarına dair hüquqlarını istənilən formada məhdudlaşdırmaq imkanı vermir.

İşəgötürənin kamera quraşdırmaqda məqsədi qanuni və əsaslandırılmış olmalı, videomüşahidə isə məqsədə uyğun və zəruri həddə həyata keçirilməlidir. İşçilərin onların videomüşahidə altında olması barədə məlumatlandırılması da mühüm məsələdir.

Xüsusilə işçinin şəxsi həyatına aid məkanlarda, məsələn, sanitar qovşaqlarda və paltar dəyişmə yerlərində videomüşahidənin aparılması yolverilməz hesab edilə bilər. Belə hallarda şəxsin toxunulmazlığı və şəxsi həyat hüququ ön plana çıxır.

Bundan başqa, kameralar vasitəsilə əldə edilən görüntülər şəxsi məlumat xarakteri daşıya bilər. Buna görə həmin məlumatların toplanması, saxlanılması, istifadəsi və üçüncü şəxslərə ötürülməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.

Hüquqşünaslar bildirirlər ki, işəgötürənin “iş yeridir, ona görə istədiyim yerə kamera quraşdıra bilərəm” yanaşması hüquqi baxımdan düzgün deyil. Videomüşahidə həm işəgötürənin qanuni maraqları, həm də işçinin şəxsi həyat və şəxsi məlumatlarının qorunması hüququ nəzərə alınmaqla təşkil edilməlidir.

Bu səbəbdən, iş yerində kamera quraşdırılarkən onun məqsədi, yerləşdirildiyi məkan, görüntülərin kim tərəfindən izlənilməsi və nə qədər müddət saxlanılması kimi məsələlərin əvvəlcədən müəyyənləşdirilməsi həm işəgötürənin, həm də işçinin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir.

Orxan

Gununsesi.info