
“Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri cənab Mark Libbinin Şuşaya səfərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu səfər indiyədək Azərbaycan cəmiyyətinin “Niyə Amerika səfiri Şuşaya getmir” sualını aradan qaldırmış oldu”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Qeyd edək ki, bir sıra ölkələrdən fərqli olaraq ABŞ-ın Azərbaycandakı səfiri indiyədək Qarabağa, xüsusilə Şuşaya səfərlərindən imtina edirdi.
Bir neçə gün əvvəl mətbuata açıqlamasında səfir bu barədə suala cavabında “Özüm nə zaman məsləhət bilsəm, o zaman da gedəcəyəm” – deyə bildirmişdir.
Naqif Həmzəyevin sözlərinə görə, ABŞ səfirinin Şuşaya səfəri həm də rəmzi məna daşıyır:” Çünki bəzi müşahidəçilər hesab edirdi ki, ABŞ səfirliyinin indiyədək Qarabağa getməməsi bu ölkənin Azərbaycanın suverenliyinin məsələsinə hələ də tərəddüdlə yanaşmasından irəli gəlir. Baxmayaraq ki, dəfələrlə ABŞ hökuməti tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanındığı bəyan edilib. Lakin səfirin səfər etməməsi bir sıra suallara səbəb olurdu. Ona görə də, hesab edirəm ki, bu səfərin baş tutması çox yaxşı oldu”.
Gununsesi.info