
Veb sayt yaratma platforması Wix Rusiya vətəndaşlarının onun xidmətlərinə girişini əngəlləyəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhdudiyyətlər sentyabrın 12-dən qüvvəyə minəcək və həm pulsuz, həm də premium hesablara təsir edəcək.
Dəstək mesajına görə, bloklamadan sonra hesab sahibinə məxsus bütün saytlar yayımdan silinəcək. Bununla belə, istifadəçilər öz domenlərini başqa bir domen qeydiyyatçısı və ya hostinq xidmətinə ötürə bilər ki, bu da onlara öz domenlərini idarə etməyə davam etməyə və “onlayn mövcudluğunu fasiləsiz saxlamağa” imkan verir.
Bundan əvvəl marketoloqlar üçün proqram təminatçısı olan Hubspot sentyabrın 12-də Rusiyada fəaliyyətini dayandıracağını açıqlamışdı. Xidmət ölkədə artıq yaradılmış hesabları deaktiv edəcək və öz ərazisində onun xidmətlərinə girişi bloklayacaq. Mağazaların rus versiyalarında tətbiqlərə dəstək də dayandırılacaq.
Eyni zamanda sentyabrın 9-da qeydlər və məlumat bazaları ilə işləmək üçün Notion xidməti Rusiyadan istifadəçi hesablarına girişi dayandırıb. Platformanın avqustun sonunda yaydığı mesaja görə, Rusiya ərazisində işlərin dayandırılması sanksiyalarla bağlıdır.