“Heç kim təslim olmadı” - TƏMKİN XƏLİLZADƏ

  • By Günel
  • 10 Sentyabr 2024 10:20

Polşanın Varşava şəhərində keçirilmiş minifutbol üzrə Çempionlar Liqasının qalibi “Birbaşa Bakı” klubu vətənə qayıdıb.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komandanın aparıcı üzvü Təmkin Xəlilzadə jurnalistlərə açıqlama verib:

Çempionlar Liqasında ən yaxşı oyunçu seçilən Xəlilzadə həm bu, həm də turnirin qalibi olmaqları barədə danışıb:

“Çox maraqlı və ağır turnir oldu. Bakıdan Polşaya gedəndə bilirdik ki, bizi necə turnir gözləyir. Hər gün 2 oyun oynadıq, 4 günə 7 oyun oynamalıydıq. Bakıda 1 aydan çox yaxşı hazırlıq keçdik, yoldaşlıq görüşləri oynadıq. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirib, sonda qalib gəlməyi bacardıq. Ancaq heç də asan olmadı. Çünki 4 gün ərzində 7 oyun oynadıq. Uşaqlarda yorğunluq oldu, zədəlilər var idi. Heç kim təslim olmadı, hamımız xarakter göstərdi. Azərbaycanı layiqincə təmsil edib, kuboku vətənimizə gətirdik.

Ən yaxşı oyunçu seçilməyimə görə çox xoşbəxtəm. Futbolçu olaraq mənim üçün də əlavə stimuldur. Ancaq mənim üçün bombardirlik, ən yaxşı seçilmək fərq etmirdi. Əsas məqsədimiz Çempionlar Liqası kubokunu qazanmaq idi. Ona da nail olduq. Sadəcə ən yaxşı seçilməyim məsuliyyəti artırır. İldən-ilə daha da artırmalısan. Çünki azarkeşlər də çox şey gözləyir”.

“Birbaşa Bakı”üzvü  Rizvan Fərzəliyev Çempionlar Liqasının finalında dəstək olan azərbaycanlı azarkeşlərə təşəkkürünü bildirib:

“Ardıcıl üçüncü dəfə Çempionlar Liqasına qatılmışdıq. İki dəfə uğursuzluğumuz oldu, yarı yolda qaldıq. Ancaq bu dəfə, üçüncü dəfə qatılanda hədəfimizə nail olduq və Bakıya kubokla qayıtdıq. Bizə dəstək olan, bizim üçün əziyyət çəkən hər kəsə təşəkkürümü bildirirəm. Oyunda azsaylı azarkeş qrupumuz da var idi. Onların ümidlərini doğrultduq, onlara minnətdaram”.

Gununsesi.info