
ABŞ prezidenti Co Bayden ABŞ seçkilərinə müdaxiləyə görə birtərəfli sanksiyaları nəzərdə tutan sərəncamın müddətini daha bir il uzadıb.
Gununsesi.info xəbər verir ki, bu barədə onun Ağ Evin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir:
“ABŞ seçkilərinə xarici müdaxilə və ya ictimai etimadın aşınması təhlükəsini aradan qaldırmaq üçün 13848 saylı İcra Sərəncamında elan edilmiş milli fövqəladə vəziyyətin müddətini bir il müddətinə uzadıram”.
ABŞ lideri vurğulayıb ki, “xarici gücün hər hansı ABŞ seçkilərində səsvermənin nəticəsini dəyişdirdiyinə və ya səslərin hesablanmasına təsir etdiyinə dair sübutların olmamasına” baxmayaraq, digər ölkələr tarixən Amerikanın siyasi sistemindən faydalanmağa çalışıblar.
Eyni zamanda, Amerika lideri qeyd edib ki, bəzi şəxslərin ABŞ seçkilərinə müdaxilə və ictimai etimadı sarsıtmaq imkanları ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün ifrat təhlükə yaratmaqda davam edir.
Aydınlaşdırılır ki, bu fərman əsasında Vaşinqton bir neçə dəfə Rusiyadan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.