
Türkiyəli tələbə Fatma Zehra S.-nin Erasmus müraciətini NATO bəhanəsi ilə rədd edən Stokholm Universiteti İsveç Ayrı-seçkilik Ombudsmanı (DO) tərəfindən günahkar bilinib.
Gununsesi.info xarici mediaya istinadən bildirir ki, İsveçin ictimai radiosunun xəbərinə görə, İsveç Ayrı-seçkilik Ombudsmanının (DO) verdiyi açıqlamada, sözügedən tələbənin 5 dekabr 2022-ci ildə etdiyi müraciətin qiymətləndirilməsinin yekunlaşdığı bildirilib.
Açıqlamada, araşdırmalar nəticəsində tələbəyə qarşı etnik ayrı-seçkiliyin olduğunun müəyyən edildiyi, Stokholm Universitetinin ayrı-seçkilikdə günahkar olduğu qeyd edilib.
İstanbul İbn Haldun Universitetinin Psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Fatma Zehra S, 23 noyabr 2022-ci il tarixində Stokholm Universitetinə müraciət edərək, Avropa İttifaqının (AB) Erasmus qrant proqramı çərçivəsində təcrübə keçmək hüququ qazanmışdır.
Universitetin müəllimlərindən professor Per Carlbringin rəhbərlik etdiyi tədqiqat layihəsində iştirak etmək istədiyini bildirərək akademikə elektron məktub göndərən Fatma Zehra S, Carlbringdən: “Hörmətli Fatma, mən səni qonaq etmək istərdim, ancaq Türkiyə İsveçin NATO-ya daxil olmasını əngəllədiyi üçün sizin müraciətinizi rədd etmək məcburiyyətindəyəm . Çox təəssüf”, – deyə cavabını almışdı.
Lakin universitetin Psixologiya şöbəsinin müdir müavini Torun Lindholm Ojmyr, 5 dekabr 2022-ci ildə Stokholm Universiteti ilə bağlı DO-ya şikayət edən Fatma Zehra S.-yə üzrxahlıq məktubu göndərərək, professor Carlbringin davranışının yersiz və yanlış olduğunu etiraf etmişdir.
Fatma Zehra S. yaşadığı sıxıntıya baxmayaraq, ərizəsinin eyni universitetin psixologiya kafedrasında başqa professor tərəfindən qəbul edildiyini açıqlamışdı.
Günel Həsənova