Stoltenberq:”Gələcəkdə Ukrayna NATO-ya üzv olacaq”

“Şimali Atlantika Alyansı Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üzərində işləyir və Ukraynanın NATO-ya üzv olacağına ümid edir”.

Gununsesi.info xəbər verir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq bildirib.

“Ancaq Ukrayna mümkün qədər tez NATO orduları ilə uyğunlaşmalıdır. Gələcəkdə Ukrayna NATO-ya üzv olacaq. Üzvlüyə aparan bu yol qaçılmazdır”-deyə Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın qalib gəlmək şansı olduğu üçün NATO Kiyevə çoxlu sayda hava hücumundan müdafiə sistemləri çatdırmağa çalışır.

Ukrayna prezidenti Vladimir Zelenski Stoltenberqlə birgə mətbuat konfransında bildirib ki, cəbhədə təşəbbüsün ələ keçirilməsi və Ukrayna Silahlı Qüvvələrinin mümkün hücumu Ukraynaya vaxtında silah və beynəlxalq maliyyə yardımı verilməsindən asılıdır.

“Bu gün mən hələlik bununla bağlı müsbət bir şey görmürəm. Ehtiyatlar var. Yavaş-yavaş getdilər. Bu proses sürətləndirilməlidir”, – deyə dövlət başçısı əlavə edib.

Daha əvvəl isə Zelenski bildirib ki, Kiyev və Vaşinqton ən güclü ikitərəfli təhlükəsizlik sazişi çərçivəsində növbəti on il üçün yardımın həcmini müzakirə edirlər.

Ukrayna 2023-cü ilin avqustundan təhlükəsizlik zəmanəti vermək üçün ABŞ-la danışıqlar aparır.

Xatırladaq ki, 2023-cü ilin iyulunda NATO sammitində G7 ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verən bəyannamə imzalayıb. Sənədə əsasən, bu təşəbbüsü dəstəkləyən hər bir ölkə konkret uzunmüddətli öhdəlikləri müəyyən etmək üçün Ukrayna tərəfi ilə danışıqlar aparmalıdır.

Bundan sonra Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, Kanada, İtaliya, Hollandiya, Finlandiya və Latviya Ukrayna ilə təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli sazişlər imzalayıb.

Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib ki, Kiyev 30-dan çox dövlətlə oxşar sazişlər imzalamağa ümid edir.

 

 

 

Şəbnəm

Gununsesi.info