Avropa Parlamenti həbsdəki siyasi fəallara və jurnalistlərə azadlıq istəyir -YAP-çı DEPUTAT İSƏ DEYİR Kİ...

  • By admin
  • 25 Aprel 2024 17:05

Avropa Parlamenti Azərbaycanla bağlı növbəti  qətnamə qəbul edib:.

Gununsesi.info-nun xəbərinə görə, qurumun sonuncu sessiyasında Azərbaycanda insan haqlarının durumuna dair təşkil olunan müzakirələrdə hökumət tənqid edilib.

Müzakirələr zamanı çıxış edən deputatlar bildirib ki, COP 29-a ev sahibliyi edən Azərbaycan siyasi məhbusları azad etməlidir.

Bir sıra deputatlar isə Avropa İttifaqının Azərbaycana qarşı sanksiya tətbiq etməli olduğunu deyib.

Hətta Azərbaycandan neft-qaz alışının dayandırılmasına dair də çağırışlar olub.

Müzakirələrin sonunda qəbul olunan sənəddə qeyd edilir ki, vətəndaş cəmiyyətinə, fəallara və “Abzas Media” kimi az sayda qalan müstəqil mediaya qarşı həbslər və məhkəmə təzyiqləri vasitəsilə repressiyalar intensivləşib, bunun nəticəsində ölkədə hazırda siyasi məhbusların sayı 300-ə çatıb.

Bildirilir ki, müxalif siyasətçi və iqtisadçı alim Qubad İbadoğlu 2023-cü ilin iyulunda Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib və 22 aprel 2024-cü ildə ev dustaqlığına buraxılıb. Əlavə edilib ki, həbs olunduqdan sonra işgəncə, qeyri-insani saxlanma şəraiti və adekvat tibbi yardımdan məhrum edilməsi nəticəsində iqtisadçının sağlamlığı əhəmiyyətli dərəcədə pisləşib və bununla da həyatı təhlükə altına düşüb.

Eyni zamanda bildirilir ki, hüquq müdafiəçisi İlhamiz Quliyev 2023-cü il dekabrın 4-də polisin əməliyyatlar zamanı müsadirə edilən narkotik vasitələrdən hökuməti tənqid edənlərə qarşı istifadə etməsi barədə müsahibəsindən sonra elə narkotik alveri ilə bağlı ittihamlarla əsassız həbs edilib. Onu 12 ilə qədər həbs cəzası gözləyir.

Bundan əlavə sənəddə siyasətçi, hüquq müdafiəçiləri və jurnalistlər Tofiq Yaqublu, Akif Qurbanov, Bəxtiyar Hacıyev, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Əziz Orucov, Rüfət Muradlı, Əvəz Zeynallı, Elnur Şükürov, Ələsgər Məmmədli, Fərid İsmayılov  və bütün digər siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsi barədə çağırış edilir.

Eyni zamanda Azərbaycan hakimiyyətinə insan ləyaqətinə və əsas azadlıqlara hörmətlə bağlı öhdəlikləri xatırladılır, müstəqil qeyri-hökumət təşkilatlarını və medianın fəaliyyətini məhdudlaşdıran repressiv qanunvericiliyi ləğv etmək barədə çağırış edilir.

Avropa Parlamenti hesab edir ki, Azərbaycanda davam edən insan hüquqları pozuntuları ölkənin COP29-a ev sahibliyi etməyə hazırlığı ilə uyğun gəlmir. Qəbul edilən qətnamə təşkilatçılardan insan hüquqlarının, əsas azadlıqlarının və vətəndaş cəmiyyətinin səmərəli iştirakının qəbul edən Ölkə Sazişində tam təsbit edilməsinə və təmin olunmasına nəzarət etməsini tələb edir;

Sənəddə o da vurğulanır ki, Avropa Komissiyası Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə yenidən baxmalıdır. Əlavə edilir ki, hər hansı gələcək tərəfdaşlıq sazişi bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqlarının ümumi vəziyyətinin yaxşılaşdırılması şərti ilə imzalanmalıdır.

Qətnamə Avropa İttifaqının İnsan Hüquqları üzrə Xüsusi Nümayəndəsini Azərbaycanda siyasi məhbuslarla görüş tələb etməyə çağırır.

Sənəddə Aİ-nin qlobal insan haqları sanksiyaları rejiminə uyğun olaraq ciddi insan hüquqları pozuntularına yol vermiş Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsinə çağırış təkrarlanır.

Milli Məclisin YAP-dan olan deputatı Naqif Həmzəyev isə Gununsesi.info-ya açıqlamasında Avropa Parlamentinin bu qətnaməsini Azərbaycana qarşı növbəti qərəzin ifadəsi kimi qiymətləndirib: “Mən o sənədlə tanış oldum. Orada elə adamların adı yazılıb ki, onlar azadlıqdadır. Avropa Parlamentində bəlli bir siyasi qüvvələr  var, onlar hər zaman Azərbaycan əleyhinə çalışırlar. Bugün Avropanın özünün o qədər problemləri var ki, onlar qalıb bir kənarda ancaq Azərbaycanla məşğul olurlar”. 

Siyahıda adıçəkilən bəzi şəxslərin məhkum olunmadığını vurğulayan deputat deyir ki, istintaq və məhkəmə prosesində olan şəxslər haqqında tələblə danışmaq yolverilməzdir: “Qanunun aliliyindən danışan Avropa Parlamenti qanunvericiliyə özü sayğı göstərməlidir. Həbsdən azad olunmağın hüquqi yolları var”. 

Günay

Gununsesi.info