Sirli yeraltı dağlar: - Everesti cırtdan edən nəhəng strukturlar kəşf edilib

Alimlər Yerin dərinliyində Everestdən 100 dəfə böyük olan iki nəhəng struktur aşkar ediblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yer qabığının təqribən 2 min kilometr altında, Afrika və Sakit Okeanın altında yerləşən bu strukturlar ən azı yarım milyard il əvvələ aiddir.

Seysmik dalğaların üzə çıxardığı bu sirli dağlar Mars böyüklüyündə Theia adlı planetin qalıqları ola biləcəyi üçün diqqəti cəlb edir.

Bu strukturları zəlzələlərdən yayılan seysmik dalğaların davranışını öyrənən alimlər aşkar ediblər. Zəlzələlər zamanı yayılan dalğalar bu sıx və isti bölgələrdən keçərkən yavaşlayır, zəifləyir və ya istiqamətini dəyişir.

Tədqiqatlar göstərir ki, bu nəhəng strukturların ən azı yarım milyard il yaşı var və hətta Yer kürəsinin yaranmasına da aid ola bilər. Bu, mantiyanın daim hərəkət etməsi və qarışması ilə bağlı ənənəvi fikrə meydan oxuyur. Bu strukturlar mantiyanın hərəkətə baxmayaraq toxunulmaz qala biləcəyini göstərir.

Bəzi elm adamları bu strukturların 4 milyard il əvvəl Yerə çırpılmış Mars böyüklüyündə “Theia” adlı planetin qalıqları ola biləcəyini irəli sürürlər. Ayın Teiyanın Yerlə toqquşması nəticəsində əmələ gəldiyi güman edilir. Ehtimal edilir ki, toqquşma zamanı planetin bəzi qalıqları mantiyanın aşağı hissəsində məskunlaşmış ola bilər.

Orxan Saffari

Gununsesi.info