
Yunanıstanın Karditsa əyalətində fermerlərlə polis arasında baş verən qarşıdurmada polisin etiraz edən fermerlərə bibər qazı ilə müdaxilə etdiyi bildirildi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanda iqtisadi dəstək tələbi ilə etiraz edən fermerlər E-65 avtomobil yolunu bağlamağa cəhd ediblər. Traktorla magistral yolu bağlamaq istəyən fermerlərlə polis arasında gərgin anlar yaşanıb.
Yunan mətbuatında yer alan xəbərlərə görə, fermerlərin yol bağlama aksiyası zamanı polis keçidi bağlamağa çalışan fəallara müdaxilə edib. Qarşıdurmadan sonra polis etirazçıları dağıtmaq üçün bibər qazından istifadə edib.
Yunanıstanın müxtəlif əyalətlərində hökumətdən iqtisadi dəstək tələb edən fermerlər etirazlarını davam etdirirlər. Hökumətin kənd təsərrüfatı sektoru ilə bağlı siyasətinə reaksiya verən fermerlər maliyyə çətinliyi ilə üzləşdiklərini və həll yolunu gözlədiklərini bildiriblər.
Etirazlar ölkədə kənd təsərrüfatı sektoru ilə bağlı daha geniş bir protesto dalğasının bir hissəsi olaraq davam edir və yerli təhlükəsizlik qüvvələri bu gərginliyin qarşısını almaq üçün tədbirləri gücləndirir.
Günel Həsənova