
Trampın avstraliyalı iş adamı ilə gizli nüvə məlumatlarını paylaşdığı iddia edilir
“The New York Times” qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, Trampın görüşdüyü şəxs Avstraliyanın ən böyük qablaşdırma şirkətinin rəhbəri Antoni Pratt olub.
Gununsesi.info xəbər verir ki, Amerika mətbuatında ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəzifəsindən ayrıldıqdan qısa müddət sonra Florida ştatındakı özəl klublardan birində tanış olduğu avstraliyalı iş adamı ilə Amerikanın nüvə sualtı qayıqları ilə bağlı məxfi məlumat paylaşdığı barədə şayiələr yayılıb.
“The New York Times” qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, Trampın görüşdüyü şəxs Avstraliyanın ən böyük qablaşdırma şirkətinin rəhbəri Antoni Pratt olub.
İlk xəbəri yayan “ABC News”un məlumatına görə, Pratt 2021-ci ilin aprelində “Palm Beach”dəki klubunda Trampla görüşüb və keçmiş prezidentə tövsiyə edib ki, Avstraliya öz sualtı qayıqlarını ABŞ-dan almağa başlamalıdır.
İddia edilib ki, Tramp buna cavab olaraq Pratta ABŞ sualtı qayıqlarının müntəzəm olaraq daşıdığı nüvə başlıqlarının dəqiq sayını və aşkar edilmədən Rusiya sualtı qayıqlarına nə qədər yaxınlaşa biləcəklərini deyib.
“ABC News” həmçinin bildirib ki, Pratt daha sonra bu həssas məlumatı öz əməkdaşları, onlarla xarici rəsmi və bir neçə jurnalistlə paylaşıb.
“The New York Times”a danışan mənbələr Trampın bəyanatlarının “ABŞ-ın nüvə donanmasını potensial olaraq təhlükə altına atdığını” bildiriblər.
Səid Əhmədli
Gununsesi.info