
Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin şəxsi təyyarəsinin Moskva yaxınlığında qəzaya uğraması xəbəri böyük rezonansa səbəb olub.
Təyyarənin niyə qəzaya uğradığı və Priqojinin təyyarənin içində olub-olmadığı isə müəmmalıdır.
62 yaşlı Priqojin iyun ayında Rusiyaya qarşı üsyana rəhbərlik edərək, Vladimir Putinə qarşı çıxıb.
Gununsesi.info rus mediasına istinadən maraqlı araşdırma edib.
Prezident Putinə və onun maraqlarına qarşı çıxan müəmmalı şəkildə ölən və ölümə yaxınlaşların qısa tarixcələrini təqdim edirik:
Aleksey Navalnı
Rusiyanın aparıcı müxalifət lideri Aleksey Navalnı. O, 2020-ci ilin avqustunda Sibirdə Noviçok maddəsi ilə zəhərləndikdən sonra müalicə üçün Almaniyaya uçub. Vəziyyət ilə bağlı Kreml iddiaları rədd edib.
Navalnı 2021-ci ildə könüllü olaraq Rusiyaya qayıdaraq dünya miqyasında tanınıb və ölkəyə gələn kimi də həbs olunub.
O, hazırda siyasi motivli olduğunu iddia etdiyi müxtəlif ittihamlarla dəmir barmaqlıqlar arxasındadır.
Navalnının müxalif siyasi hərəkatı qeyri-qanuni və “ekstremist” elan edilib.
Bu ay Rusiyada məhkəmə Navalnının cəza müddətini daha 19 il uzadaraq, onu ölkədəki ən ağır həbsxana şəraitində təqsirli bilib.
Sergey Skripal
Dövlət sirlərini Britaniya kəşfiyyatına ötürən keçmiş rusiyalı ikili agent Sergey Skripal və qızı Yuliya.
2018-ci ilin martında İngiltərənin Solsberi şəhərində ticarət mərkəzinin qarşısındakı skamyada huşsuz vəziyyətdə tapılan Skripallar hər ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Britaniya rəsmiləri onların Noviçok ilə (1970-1980-ci illərdə sovet ordusu tərəfindən hazırlanmış sinir zədələyən zəhər) zəhərləndiklərini bildiriblər. Hadisədən sonra hər ikisi sağ qalıb.
Rusiya zəhərlənmədə hər hansı əli olduğunu inkar edib və Britaniyanın anti-Rusiya isteriyasını qızışdırdığını bildirib.
Vladimir Kara-Murza
Rusiyalı müxalifət fəalı Vladimir Kara-Murza özünün 2015 və 2017-ci illərdə zəhərləndiyini iddia edib.
Alman laboratoriyası tərəfindən görülən tibbi ekspertizalara əsasən onda yüksək səviyyədə civə, mis, manqan və sink tapılsada hakimiyyət tərəfindən təkzib edilib.
Aleksandr Litvinenko
Keçmiş KQB agenti və Putinin rəqibi Aleksandr Litvinenko.
2006-cı ildə 43 yaşında Londonun “Millenium” otelində nadir və güclü radioaktiv izotop olan polonium-210 ilə qarışdırılmış yaşıl çay içdikdən sonra vəfat edib.
Aparılan araşdırmalara əsasən 2016-cı ildə Putinin qətlə razılıq verdiyi bildirilib. Kreml insidentdə hər hansı əli olduğunu təkzib edib.
Böyük Britaniya hakimi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qətli keçmiş agentin KQB dövründəki cangüdəni Andrey Luqovoy, Rusiya vətəndaşı Dmitri Kovtun və ehtimala görə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib .
Qeyd edək ki, Litvinenko zəhərlənmədən altı il əvvəl Rusiyadan İngiltərəyə qaçmışdı.
Aleksandr Perepiliçnıy
44 yaşlı Alexander 2012-ci ilin noyabrında səhər yürüşünə gedəndən sonra Londonda xüsusi mühafizə olunan lüks evinin yaxınlığında ölü tapılıb.
Aleksandr Perepiliçnıy 2009-cu ildə Rusiyada çirkli pulların yuyulması sistemi ilə bağlı İsveçrə təhqiqatına yardım etdikdən sonra Böyük Britaniyaya sığınıb. Qəfil ölümü onun öldürülmüş ehtimalına gətirir.
Britaniya polisi onun nadir zəhərlə öldürülmüş ola biləcəyinə dair şübhələrə baxmayaraq, qətl ehtimalını istisna edib. İstintaqın iclasında məlum olub ki, onun mədəsində sarı yasəmən bitkisindən nadir və ölümcül zəhər izləri aşkarlanıb.
Viktor Yuşşenko
Əvvələrdə Ukrayna müxalifətinin lideri olan Viktor Yuşşenko 2004-cü ildə prezident seçkiləri kampaniyası zamanı namizədliyini irəli sürərkən zəhərlənmişdi.
Yuşşenko Ukrayna kəşfiyyat idarəsinin rəsmiləri ilə Kiyevdən kənarda nahar edərkən zəhərləndiyini iddia edib. Təbbi ki, Rusiya bununla heç bir əlaqəsi olmadığını bildirib.
Onun bədənində normaldan 1000 dəfə çox dioksin olduğu müəyyən edilib. Zəhərlənmədən onun üzü və bədəni eybəcərləşib və sonradan dəfələrlə əməliyyat olunub.
Qeyd edək ki, Ukrayna Ali Məhkəməsinin “narıncı inqilab” adlandırılan küçə etirazları zamanı Viktor Yanukoviçin qalib elan edilməsinin nəticələrini rədd etməsindən sonra təkrar seçkilərdə prezident seçilib.
Anna Politkovskaya
İnsan haqları pozuntularını işıqlandıran jurnalist Anna Politkovskaya 2006-cı il oktyabrın 7-də supermarketdən evə qayıtdıqdan sonra Moskvadakı mənzilinin qarşısında güllələnib.
İki uşaq anası olan 48 yaşlı Politkovskayanın öldürülməsi Qərbdə və Rusiyada böyük əks-səda doğurub.
Tərcümə
Şəbnəm