Prokurorun Ziya Kazımova cəza tələbi amansızdır - BƏHRUZ BAYRAMOV DEYİR Kİ, ŞAHİDLƏRDƏN HEÇ BİRİ ONUN ÜZÜNƏ DAYANMAYIB

Xəbər verdiyimiz kimi dövlət ittihamçısı “Tərtər İşgəncələri” işi üzrə mühakimə olunan bir qrup hərbiçiyə cəza təyin edib.

Xatırladırıq ki, prokuror general Bəkir Orucova 12 il 6 ay, İntiqam Məmmədova 10 il 6 ay, Ziya Kazımova 12 il 6 ay və Rahib Məmmədova 8 il 6ay cəza tələb edib.

Mühakimə olunanlardan Ziya Kazımovun vəkili Bəhruz Bayramov Gununsesi.info-ya açıqlamasında dövlət ittihamçısının tələbini şərh edib.

” Bu gün dövlət ittihamçısı tərəfindən mühakimə olunanlar üçün iş istənildi. 62 zərərçəkmiş şəxs və 31 şahid məhkəmə istintaqı başlayandan sonra iş üzrə ifadə verdi. İşin mahiyyəti nədir?

Ermənistana cəsusluq etməkdə ittiham olunan iki şəxs Yusif Məmmədov və Cavidan Baxışov Ziya Kazımovun rəhbərlik etdiyi snayper qrupunun yerləşdiyi binaya gətirilib. Təqsirləndirilən şəxs Ülvi Rəşidov korpus snayper qrupu üzrə təlimatçısı Mais Bərxudarovun əmrinə əsasən Ziya Kazımova zəng edərək təlim otağı yaratmasını istəyib. Bu hadisə əvvəllər də şahidlərin ifadələrində təsdiq olunub. Əmrə tabe olaraq təlim otağı hazırlanıb. Ehtimala görə binanın zirzəmisində hazırlanan həmin otaqda təlim-tədris keçirilməli idi.

Ülvi Rəşidov otağa baxış keçirəndən sonra Yusif Məmmədov və Cavidan Baxışov həmin otağa gətirilib. Bildirilib ki, onların necə gətirilib aparılmasında, dindirilməsində Ziya Kazımovun heç bir rolu olmayıb.

Həmin zərərçəkmişlər öz çıxışınlarında 2018-ci ildən bəri tanıdıqları Ziya Kazımovun orada olmadığını və heç bir işgəncə prosesində iştirak etmədiyini dəfərlərlə vurğulayıb. Eyni zamanda həmin yerə 218 nömrəli hərbi hissənin xüsusi qrupu da gətirilib.

Bundan sonra isə həmin otağa Adil Sabirli gətirilərək, 218 nömrəli hərbi hissənin xüsusi dəstəsi tərəfindən işgəncəyə məruz qalıb. Qeyd edək ki, hal hazırda həmin şəxslərdən iki nəfərinə cəza verilib.

İşgəncə zamanı həmin şəxslərdən biri öz yaxınlarına mesaj göndərib. Göndərilən mesajda qara maskalılar olaraq hal-hazırda erməniyə cəsusluq edəni tutub və ona işgəncə verdikləri bildirilib. Bu qanunun qüvvəyə minmiş hökmündə də var.

Daha sonra Adil Sabirliyə işgəncə verilən zaman dəfələrlə Ziya Kazımov zirzəmiyə enərək onlara mane olmaq istəyib. Həmin qrupun isə onun hərbi hissəsinə heç bir aidiyyatı olmayıb. Şahid və zərərçəkmişlərin təsdiq olunmuş ifadələrində onun bu barədə yuxarı komandanlığa məlumat verdiyi bildirilib. Eyni zamanda öz snayper qrupunun hərbçilərinə göstəriş verərək, həmin proseslərə qarışmamalarını tapşırıb. İş üzrə 62 zərərçəkmişdən 60-ı, 31 şahiddən isə 30-u Ziya Kazımovun işgəncə prosesində iştirak etmədiyi barəsində şahidlik edib və bu məhkəmə istintaqı zamanı da sübuta yetirilib.

2017 ci il may ayının 6-ı, Adil Sabirli ölən gecə saat 22:00 radələrində Ziya Kazımov hərbi hissəni tərk edib. Şahidlərin təsdiqi ilə bildirilib ki, gecə saat 3 radələrində Ziya Kazımova zəng gələrək ona Adil Sabirlinin vəziyyətinin ağır olduğu barədə məlumat verilib. Ziya Kazımov süni nəfəs və ürək masajı etmək üçün köməyə çağırılıb.

Adil Sabirli öldükdən sonra Ziya Kazımov bu barədə yuxarı komandanlığa məlumat verib və hərbi tibbi maşın gələrək onun nəşini aparıblar.

 

Hadisələrin sonrakı gedişində isə hərbiçiləri 037 saylı hərbi hissəyə aparıblar. Orda iştirak edən 59 zərərçəkmiş şəxs Ziya Kazımovun ümumiyyətlə baş verən heç bir prosesdə görmədiklərini deyib. Əksinə həmin şahidlərdən beş nəfər Ziya Kazımovun hərbi hissəyə gəldiyini, lakin əraziyə daxil olmadığını bildirib. O, bu proseslərdə iştirak etməmək üçün oranı tərk edərək məzuniyyətə çıxıb.

Buna baxmayaraq dövlət ittihamçısı heç bir sübut olmadığı halda Ziya Kazımova 12 il 6 ay cəza istəyir. Ən təəccüblüsü isə budur ki, Ziya Kazımov 44 günlük Vətən Çüharibəsində iştirak edib və yaralı olub. O, azad edilən ərazilərdə istintaq hərəkətləri aparıb.

Bunların hamısı istintaq materiallarında təsdiq olunub. Bütün bunlar yüngülləşdirici hal olaraq qeydə alınmalı idi. Bu qəzəbin nədən qaynaqlandığı isə bəlli deyil”.

 

Şəbnəm

Gununsesi.info