Natiq Cəfərlidən irad: - “Saça kəpək düşəndə başı kəsmirlər”

  • Müəllif: Orxan
  • 27 Oktyabr 2026 15:36

İqtisadçı Natiq Cəfərli Azərbaycanda “card to card” əməliyyatlarına məhdudiyyət tətbiq edilməsindən sonra ödəniş kartlarının sayının artmasını tənqid edib.

Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli bildirib ki, kartdan-karta pul köçürmələrinə məhdudiyyət tətbiq edilərkən bu addımın insanların bir neçə bank kartı əldə etməsinə səbəb olacağını əvvəlcədən proqnozlaşdırıb.

Onun sözlərinə görə, gündəlik ödənişlərin sayına məhdudiyyət qoyulduqdan sonra insanlar bir kart əvəzinə 8-10 kart almağa başlayıblar. Daha sonra eyni bankdan manat hesablı yalnız bir debet kartının alınmasına icazə verilməsi isə vətəndaşların digər banklara üz tutmasına səbəb ola bilər.

İqtisadçı Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatına da diqqət çəkib. Məlumata əsasən, sentyabrın sonuna ölkədə 23 milyon 388 min ödəniş kartı olub. Bu, avqustun sonu ilə müqayisədə 414 min ədəd və ya 1,8 faiz artım deməkdir.

Cəfərli qeyd edib ki, avqust ayından “card to card” əməliyyatlarına limit tətbiq edilməsi fonunda ölkədə ödəniş kartlarının sayındakı artımın sürəti iki dəfə yüksəlib.

O, tətbiq olunan məhdudiyyətlərin problemin həllinə nə dərəcədə təsir etdiyini sual altına alaraq, qərarların qəbulundan əvvəl mümkün nəticələrin nəzərə alınmasının vacibliyini vurğulayıb.

“Bir sözlə, saça kəpək düşəndə başı kəsmirlər, səbəbini tapıb müalicə edirlər”, – deyə Natiq Cəfərli bildirib.

Elmar

Gununsesi.info