Fələstinlilər İordan çayının qərb sahilinin bütün şəhərlərində etirazlara qalxdı

Fələstinlilər İsrailin Qəzza zolağına hücumlarına etiraz olaraq işğal altındakı İordan çayının qərb sahilinin bütün şəhərlərində nümayişlər keçirib.

Gununsesi.info xəbər verir ki,  yerli mənbələrin məlumatına görə, Ramallah da daxil olmaqla, işğal altındakı İordan çayının qərb sahilinin bütün şəhərlərində Cümə namazından sonra etiraz aksiyaları keçirilib.

İştirakçılar Fələstin bayraqları və Fələstin müqavimət qruplarının bayraqları ilə yürüş ediblər. Yürüşlər zamanı vaxtaşırı fələstinlilərlə İsrail əsgərləri arasında toqquşmalar olub.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatına başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.

HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.

Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

İsrail-Fələstin münaqişəsinin gərginləşdiyi vaxtdan bəri 1500-dən çox fələstinli və 1300 israilli həlak olub.

İsrail həmçinin Qəzza zolağına su və elektrik tədarükünü əngəlləyib və bu, 2007-ci ildən blokadada olan bölgədə yaşayış şəraitini daha da pisləşdirib.

Səid Əhmədli
Gununsesi.info