Fələstinlilərin cənuba köçü başladı - FOTO

İsrail ordusu Qəzza zolağının şimalında yaşayan təxminən 1,1 milyon fələstinlinin bölgənin cənubuna köçməsini istəyib. İsrail ordusu bu keçid üçün Fələstin xalqına 24 saat vaxt verib.

HƏMAS-ın silahlı qüvvələri İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli əməliyyata başlayıb.
Bu əməliyyatın elanından sonra HƏMAS qüvvələri Təl-Əvivə doğru raket zərbələri endirib və kritik nöqtələri ələ keçirib.
Nazirlər Kabinetinin iclasından sonra səssizliyini pozan İsrail müharibə vəziyyətinə keçdiyini və əməliyyatlara başladığını açıqlayıb.
İsrailin əməliyyatlara başlamasından sonra Qəzza blokadaya alınıb və minlərlə fələstinli həyatını itirib.
İsrail öz bəyanatında bunun “təhlükəsizlik” üçün olduğunu bildirib.
İsrail Qəzzanı blokadaya aldıqdan sonra 1,1 milyon Fələstin vətəndaşının bölgənin cənubuna köçməsini istəyib.
İsrail ordusu (İDF) verdiyi yazılı açıqlamada HƏMAS-ın İzəddin əl-Qəssam Briqadalarının üzvlərinin Qəzzada mülki əhalinin yaşadığı binalarla yanaşı tunellərdə və evlərin altında gizləndiyini iddia edib.
Açıqlamada “Qəzza şəhəri hərbi əməliyyatların aparıldığı bir bölgədir. Bu təhlükəsizliyiniz üçündür. Siz Qəzza şəhərinə (Qəzzanın şimalına) ancaq buna icazə verən başqa bir elan verildikdə geri qayıda biləcəksiniz. Qəzza şəhərinin mülki vətəndaşları, özünüzün və ailənizin təhlükəsizliyi üçün cənuba doğru hərəkət edin və Həmasdan uzaqlaşın”, – deyə bildirilir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin hücumları altında Qəzza zolağında yaşayan bir milyon insanın gedəcək təhlükəsiz yeri olmadığını açıqlayıb. UNICEF MENA-nın X sosial media hesabında mövzu ilə bağlı yazılı açıqlama dərc edilib. Bəyanatda aşağıdakı ifadələrdən istifadə olunub:
“Qəzzadan gələn görüntülər dəhşətlidir. Qurbanlar arasında çoxlu uşaq da var. Bir milyon insanın gedəcək heç bir yeri yoxdur. Bu qəbuledilməzdir, zorakılığa dərhal son qoyulmalıdır. Uşaqların təhlükəsizliyi üçün Qəzzada atəşkəs və humanitar dəhliz lazımdır”.
Gununsesi.info