İsrail-Livan Münaqişəsi: Gözlənilən ssenarilər və regional TƏSİRLƏR – Nəticə necə olacaq?

İsraillə Livan arasında münasibətlər mənfi ssenari üzrə inkişaf edir. Belə olan halda, Livanın dövlət qurumu kimi təhlükəsizliyi və sabitliyi təhdid altındadır. Bu gün Livan üçün böyük təhlükə var.

Xarici ekspertlər qeyd edirlər ki, İsrailə təcavüz başlayarsa, səsdən sürətli raketlərlə hərbi hədəfləri vuracaqları barədə xəbərdarlıq ediblər.

Bəs görəsən, bu münasibətlərin sonunda nələr gözlənilir?

Gununsesi.info -ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, İsrail ilə Livan arasında baş verən proseslər, əslində, ötən ilin oktyabrından başlayaraq Həmasın İsrailə hücumu və on aydan artıq bir müddətdə başlayan prosesin növbəti mərhələyə keçməsindən xəbər verir:


“Yəni, bu müddət ərzində İsrail Qəzzada əməliyyatlar apardı və bu əməliyyatlar o qədər ciddi uğurlar ortaya qoymadı. Çünki Qəzzada atdığı bütün addımların nəticəsi olaraq nə Həmasın mövcudluğuna son qoyula bildi, nə də israilli əsirlikdən azad edilməsi ilə bağlı addım atıla bildi. Əksinə, onların bir qismi bir neçə gün öncə öldürüldü. İsrail hökumətində belə, İsrail dövlətinin atdığı addımlara qarşı çıxanlar da var. Buna keçmiş hərbi kabinetin üzvləri və hətta hazırki müdafiə naziri Yoav Qalantın bəzi fikirlərini əlavə etmək olar. İsrail hakimiyyətinin, Benyamin Netanyahu iqtidarının atdığı addımları pisləyənlər var. İndiki mərhələdə İsrail hakimiyyəti mümkün qədər çalışır ki, proksi qüvvələrin sahiblərini prosesə cəlb etsin. Yəni, Həmasla aparılan mübarizənin ciddi nəticə ortaya qoymaması, həm Qəzzada istədiklərinə nail olmaması, həm də Həmas təşkilatının mövcudluğuna son qoya bilməməsi İsrail dövlətinin zəifliyini gündəmə gətirir. Ona görə də İsrail hakimiyyəti çalışır ki, proksi qüvvələrin sahibləri olan İranı və digər ərəb müsəlman dövlətlərini prosesə cəlb etsin ki, bu halda qeyri-bərabər güclərin mübarizə apardığı fonu yaranmasın. Düşünürəm ki, əslində, Livanla bağlı atılan addımlar bunu göstərir”, – deyə o əlavə edib.

X. Bəşirovun sözlərinə görə, Suriyada İran konsulluğunun vurulması, İsmail Haniyyənin İranda öldürülməsi və bir sıra digər hadisələr ondan xəbər verir ki, İsrail tərəfi maksimum dərəcədə çalışır, İranı bu prosesə cəlb etsin və mümkün qədər bu prosesdə gedişatın məcrasını dəyişsin:

“Ümumilikdə götürəndə, bu proseslərin nə İsrail xalqına, nə Fələstin xalqına hər hansı bir xeyri yoxdur. Əksinə, xalqlar müharibədən yana olmadıqlarına görə, onların maraqlarına ziddir. Kənar qüvvələrin, böyük güclərin maraqlarının toqquşmasının nəticəsidir ki, İsrail Yaxın Şərqdə belə qarşıdurmanı reallaşdırıb. Düşünürəm ki, həmin o qüvvələr mümkün qədər çalışırlar ki, bu proses davam etsin. Yəni, klassik idarəetmə üsulu kimi, “Parçala, hökm sür” siyasətinin məntiqi nəticəsi olaraq, qarşıdırmada olan tərəfləri, eskalasiyaya məcbur edərək onlara təsir göstərmək, onları idarə etmək prosesini davam etdirsinlər”.

O qeyd edib ki, İsrail ilə Livan arasında müharibənin olacağını düşünmürəm, çünki bu məsələdə qərar verən tərəf əsasən Livan deyil, Livandakı “Hizbullah” qruplaşması deyil:

“Burada İranın mövqeyi daha təsirli və güclüdür. Gizli deyil ki, İran həmin o qüvvələri idarə edən tərəfdir və İranın da İsrail ilə müharibəyə girmək niyyətinin olmadığını artıq biz dəfələrlə görmüşük. Həm Suriyada konsulluğun vurulması, İsmail Haniyyənin öldürülməsi və digər proseslər göstərdi ki, İran hazırkı mərhələdə İsrail ilə qarşı hücuma getmək istəmir. Amma Livanda baş verən bu proseslərin gedişatından və genişlənməsindən çox şey asılıdır. Əgər Livan dövlətinin təhlükəsində ciddi təhdid yaradacaqsa və İsrail geniş miqyasda hücuma keçəcəksə, bu halda Livan bu prosesə qoşulmağa məcbur qalacaq. Amma hətta ondan sonra belə, İranın prosesə birbaşa qoşulması gözlənilən deyil. Təbii ki, İran Livana, “Hizbullah”a bütün imkanları ilə dəstək olacaq. Amma burada əsas məqsəd daha çox Yaxın Şərqdə baş verən proseslərdə İsrailin əsas hədəfi İranın və yaxud digər dövlətlərin prosesə cəlb edilməsidir ki, 10 aydan artıq bir müddətdə biz bunun şahidi olmadıq. Görünən odur ki, əvvəlki Ərəb-İsrail müharibələrindən fərqli olaraq, hazırkı mərhələdə hətta İsrailin bu siyasətinə qarşı olan dövlətlər belə, prosesə qarışmaq və prosesin tərkib hissəsi olmaq istəmirlər. Kənardan təsirlər, dəstəklər var, amma real iştirakın şahidi deyilik”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info