
Almaniyanın müdafiə naziri Boris Pistorus Almaniya ordusunun Rusiyanın mümkün hücumuna hazırlaşmalı olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, nazir bu barədə ZDF televiziyasına müsahibəsində deyib. Pistorius Almaniya və NATO-nun hərbi imkanlarını artırmalı olduqlarını qeyd edərək, “Belə bir şeyin nə vaxt olacağını bilmirik və hazırda NATO-dakı müttəfiqlərimizlə birlikdə hazırlıqlar edirik” deyib.
Almaniyanın silahlanaraq çəkindirici təsirini artırması lazım olduğunu qeyd edən Pistorius, Rusiyanın Baltikyanı ölkələrə hücum edəcəyi təqdirdə minlərlə əsgərin cavab verməyə hazır olması lazım olduğunu bildirib.
Almaniyalı nazir həmçinin Ukrayna müharibəsi davam edərkən Rusiyanın belə bir hücuma keçəcəyini gözləmədiyini bildirib.
Almaniyanın “Bild” qəzeti keçən həftə hərbi kəşfiyyat məlumatlarına əsaslanaraq Rusiyanın 2025-ci ilin ortalarına qədər NATO-ya hücum edəcəyini yazmışdı. Qəzet onu da qeyd edib ki, Almaniya Ukraynadakı uğurlarla güclənən Rusiya ordusunun hücum ehtimalına qarşı hazırlıqları sürətləndirib.
Rusiya prezidenti Vladimir Putin NATO-ya hücum edəcəkləri xəbərini “uydurma” kimi qiymətləndirib və bunun Moskvanın maraqlarına uyğun olmayacağını bildirib.
Gununsesi.info