
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yanvarın 23-də səhər saatlarında Ukraynada raket hücumu nəticəsində 5 nəfərin öldüyü və 40 nəfərin yaralandığı barədə məlumat yayıb.
Gununsesi.info xəbər verir ki, Dövlət Fövqəladə Hallar Xidmətinin “Telegram”da yaydığı məlumata görə, ölüm halları Kiyev, Xarkov və Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərlərində qeydə alınıb.
Belə ki, raket zərbəsi nəticəsində Kiyevin bir neçə rayonunda yanğın baş verib. Raket hücumları zamanı bir nəfər həlak olub. İki hündürmərtəbəli binaya, şəxsi binaya və avtomobillərə ziyan dəyib.
Kiyev vilayətinin Buçanski rayonunda iki çoxmərtəbəli bina, fərdi yaşayış evi, yardımçı tikililər və avtomobillərə ziyan dəyib. Üç nəfər yaralanıb. Hadisə yerində xilasedicilər işləyir.
Pavloqrad şəhərinə hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Xarkovda raketlər iki çoxmərtəbəli binaya düşüb. İlkin məlumatlara görə, 3 nəfər ölüb, daha 30-a yaxın insan yaralanıb.
Daha sonra Kiyevin meri Vitali Kliçko bildirib ki, Kiyevə raket hücumu nəticəsində 18 nəfər yaralanıb.
“Onlardan 3-ü uşaq olmaqla 13-ü xəstəxanaya yerləşdirilib. 13 yaşlı 1 oğlana və 4 böyüklərə hadisə yerində tibbi yardım göstərilib. Bir qadın reanimasiyaya aparılıb və reanimasiya müalicəsi davam edir”, – Kliçko “Telegram”da yazıb.
Gununsesi.info