
Ədliyyə Nazirliyi daha bir partiyanın – Vətəndaş Həmrəyliyi Partiyasının qeydiyyatından imtina edib.
Digər partiyalarla müqayisədə azı iki dəfə artıq üzv siyahısı təqdim edən VHP-nin qeydiyyatından imtina gözlənilməz olub.
VHP-nin Azərbaycanın ilk siyasi partiyalarından biri olması, həmçinin uzun illərdir ki, Milli Məclisdə 3 deputatla təmsilçiliyi bu təşkilatın qeydiyyata alınacağına dair birmənalı fikir formalaşdırmışdı.
Ancaq gözlənildiyinin əksinə olaraq, Ədliyyə Nazirliyi VHP-yə də mənfi cavab verdi.
VHP-dən olan deputat, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli yaranmış vəziyyətlə bağlı Gununsesi.info-nun sualını cavablandırıb.
Saytımıza açıqlamasında vitse-spiker bildirib ki, Ədliyyə Nazirliyinin son cavabı partiyanın qeydiyyatından imtina demək deyil: “Bununla bağlı müəyyən qüsur və nöqsanlar var. Tövsiyə olunur ki, qüsur və nöqsanlar aradan qaldırılsın. Bu o demək deyil ki, VHP partiya kimi siyasətdən ayrı düşdü”.
“Ədliyyə Nazirliyi YAP istisna olmaqla, hamıya imtina cavabı verir. Bu mənzərəni necə qiymətləndirsiniz” sualına vitse-spiker belə cavab verib:
“Qüsurlar aradan qaldırılmalıdır. Burada təmiz proses ortalıqdadır. Ona görə də hesab edirəm ki, partiyanın qeydiyyata alınma məsələsində özü-özlüyünü təmizlənmə prosesidir və burada qeyri-adi heçnə görmürəm. Biz bu qanunu qəbul edəndə bu tələbləri əvvəlcədən irəli sürmüşdük. VHP-nin bu məsələ ilə bağlı xüsusi narazılığı, ahu-zarı yoxdur. İndi sənədlər geri qaytarılıb. Səhvlər aradan qaldırıldıqdan sonra partiyanın qeydiyyatı həll olunacaq. Ortada heç bir çaxnaşma yoxdur. Sadəcə müəyyən iradlar var”.
Ədliyyə Nazirliyi REAL, Müsavat, AXCP və ADP-dən sonra VHP-yə də imtina cavabı verib.
Qeyd edək ki, siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi yenilənən “Siyasi partiyalar haqqında” qanunun tələbidir. Yeni qanuna görə, siyasi partiya dövlət qeydiyyatına alınması üçün 5 min üzvün siyahısını və şəxsi məlumatlarını Ədliyyə Nazirliyinə təqdim etməlidir.
Yeni qanuna görə, dövlət qurumu 30 gün müddətinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayır.
Mais
Gununsesi.info