
Rusiya Ukraynanın Dunay çayı sahilində yerləşən taxıl anbarlarına və digər taxıl saxlanma məntəqələrinə dronlarla hücum edib, yerli rəsmilər bildiriblər.
Gununsesi.info xəbər verir ki, qida infrastrukturları NATO üzvü Rumıniya ilə sərhəd təşkil edən çayın digər tərəfində yerləşir.
Rusiya Taxıl sazişindən çıxdığını elan etdikdən sonra Dunay çayı Qara dənizdən keçməklə Ukraynadan buğda, qarğıdalı və digər dənli bitkilərin ixracı üçün əsas marşrut xəttidir.
Bazar ertəsinə keçən gecə isə Rusiya qoşunları Qara dəniz sahilində yerləşən Odessaya etdikləri hücumlar zamanı buğda anbarını dağıtmışdı.
Rəsmilərin verdiyi məlumata görə, ötən həftə ərzində Rusiyanın hücumları nəticəsində 60 min ton taxıl məhv edilib.
Kreml iyulun 17-də Taxıl sazişindən çıxdığını elan etdikdən sonra qlobal bazarlarda taxılın qiyməti 8 faiz bahalaşıb.
Ötən il Dunay çayı vasitəsilə 2 milyon ton taxıl daşınıb. 2021-ci ildə isə Dunay çayı ilə daşının taxılın ümumi həcmi bundan təxminən 3 dəfə az, 600 min ton olub.
Rusiyanın Ukraynadakı taxıl ixrac məntəqələrinə hücumu davam edərkən, Kreml rəhbəri Vladimir Putin deyib ki, ölkəsi “Ukraynadan ödənişli və ödənişsiz əsaslarla yalnız Afrikaya taxıl ixracını bərpa edə bilər”.
Moskva bu həftəsonu Rusiya-Afrika sammitinə ev sahibliyi edəcək.
Dünyanın 7-ci ən böyük buğda ixracatçısı olan Ukrayna tez-tez Avropanın “çörək səbəti” kimi təsvir olunur və ərazisinin 71 faizi kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir.
Gununsesi.info