İlham Əliyev Azərbaycanda jurnalist həbslərindən danışdı "Qərbdəki insanlar elə təsvir edir ki, əgər siz jurnalisti həbs edirsinizsə, deməli, diktatorsunuz"

“Qərbdəki insanlar elə təsvir edir ki, əgər siz jurnalisti həbs edirsinizsə, deməli, diktatorsunuz”

Gununsesi.info xəbər verir ki, prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibəsində deyib:

“Qərbdəki insanlar vəziyyəti elə təsvir edirlər ki, jurnalistlər istədiklərini edə bilər və onların hər hansı cinayət təqibindən toxunulmazlığı var və əgər siz jurnalisti həbs edirsiniz, deməli, siz diktatorsunuz. Ona görə dedim, baxın Culian Assanjın məsələsinə, görün həmin insanla siz nə etdiniz? Onda, siz kimisə bu məsələdə necə ittiham edə bilərsiniz? Həmin hadisə sizin tarixinizdə ən qara səhifədir. Siz də qeyd etdiyiniz kimi, iki ildən çox vaxt keçir və hazırda Culian Assanj haradadır? O, hələ də həbsxanadadır. Hələ də, həbsxanadadır. Kimsə onun haqqında danışır? Yox.

Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International”“Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar.

Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. İnsanlarla söhbət apardıqda, görə bilərsiniz ki, onlar hökumətimiz barədə nə düşünür, gördüyümüz işlər düzdür, yoxsa səhvdir!

Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, bilsin: ola bilər, o, haqlıdır, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq. Əksinə, cəmiyyət daha da həmrəy olur, çünki biz görürük ki, bu, ədalətli deyil”.

 

Şəbnəm

Gununsesi.info