Suriya ordusu Hələbdə mülki insanları hədəfə aldı: Bir ailədən 5 nəfər öldü – FOTO

Suriya ordusunun Hələb vilayətinin qərbindəki Kefernuran kəndinə təşkil etdiyi hücumda eyni ailədən 5 mülki şəxs ölüb, 1 mülki şəxs yaralanıb.

Gununsesi.info xəbər verir ki, Hələbin Keferhalep kəndində yerləşdirilən Suriya ordusu və İranın dəstəklədiyi xarici terrorçu qruplar Hələbin qərbindəki Kefernuran kəndinə hücum edib.

Mülki müdafiə mənbələrindən alınan məlumata görə, hücumda eyni ailədən 3-ü qadın olmaqla 5 mülki şəxs həyatını itirib, 1 mülki şəxs isə yaralanıb.

2017-ci ildə keçirilən Astana görüşündə Türkiyə, Rusiya və İran Suriya administrasiyasının nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəliblər.

Dəməşq rəhbərliyi, İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək, 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləyib.

Türkiyə 2018-ci ilin sentyabrında atəşkəsi gücləndirmək üçün Rusiya ilə əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən güclənib. Türkiyə və Rusiyanın 5 mart 2020-ci ildə əldə etdiyi yeni razılaşmadan sonra atəşkəs əsasən qorunub.

2017-2020-ci illərdə hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiyə sərhədinə yaxın bölgələrə köç etmək məcburiyyətində qalıb.

Səid Əhmədli
Gununsesi.info