Tarixi qələbə: Azərbaycan Cənubi Qafqazda liderliyini  və yeni reallıqlar yaratdığını ortaya qoydu - AÇIQLAMA

Xəbər verdiyimiz ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində  Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. İlham Əliyev Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edib.

“Bu gün vaxtilə – hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm”.

Bu sözləri Azərbaycan Prezidenti xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”.

Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması mühüm tarixi hadisədir.

Bu tarixi hadisə ilə Gununsesi.info-ya danışan Milli Məclisin deputatı İltizam Yusifov bildirib ki, Xankəndi, Xocalı, Ağdərədə  bayrağımızın ucaldılması  Azərbaycanın tarixi qələbəsi  və öz torpaqları üzərində suveren hüquqlarının bərpasıdır. “

Cənab Prezident Xankəndidə dövlət bayrağını ucaltmaqla yüzillik Qarabağ münaqişəsinə nöqtə qoymuş oldu”, – deyə o qeyd edib.

Deputat bildirib ki, Xankəndidə Azərbaycan bayrağının dalğalanması bölgədə yeni situasiya yaradıb. “Xankəndidə Azərbaycan bayrağının ucaldılması cənab Prezidentin konkret hədəflərə xidmət edən yürütdüyü məqsədyönlü və qətiyyətli siyasətinin, eyni zamanda Azərbaycan ordusu düşmən üzərində möhtəşəm qələbəsi nəticəsində mümkün olub.

Yaranmış situasiya Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsinə və sıx əməkdaşlığın yaranmasına geniş imkanlar açır. İkinci Qarabağ savaşından sonra Azərbaycanın yaratdığı yeni reallıq nəinki bölgədə maraqlı olan güclər, eyni zamanda dünyanın ən müxtəlif ölkələri ciddi şəkildə yaranmış situasiyadan öz maraqları üçün faydalanmağa çalışırlar. Bu məqsədlə də Azərbaycanla əməkdaşlığa can atırlar”, – o qeyd edib.

Deputat əlavə edib ki, bununla da Azərbaycanın yürütdüyü siyasət nəticəsində Cənubi Qafqazda dayanıqlı sülh və əmin-amanlıq üçün geniş imkanlar açılıb: “Hesab edirəm ki, yaranmış durum Ermənistanın da sülh sazişini imzalaması üçün çox əlverişli şərait yaradıb.  Ermənistan yaranmış durumu dəyərəndirib, Bakının şərtləri daxilində sülh sazişi imzalanarsa, qazanacaq.

Hesab edirəm ki, Ermənistan sonucda gələcək inkişafı naminə özündə cəsarət tapıb kənar dövlətlərin girovluğundan xilas olmaq yolunu seçəcək. Yox, əgər Ermənistan yenə də hansısa dövlətin girovuna çevrilib Azərbaycana qarşı bir alət kimi istifadə olunmaqda davam edəcəksə, itirən tərəf olacaq.

Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edərək, inkişaf mərhələsini yaşayıb, bölgədə yeni geosiyasi reallıqlar yaratmaqdadır. Azərbaycanın yaratdığı bu reallqılar artıq geriyədönməz xarakter alıb. Ermənistanın bundan sonra Azərbaycanla sülh sazişinin imzalaması Bakı üçün elə də ciddi əhəmiyyət kəsb etmir. Onsuz da Bakı hədəflərinə doğru addım-addım irəliləyir. Ermənistan istəməsə belə, növbəti mərhələdə hansısa formada Azərbaycanın şərtlərini qəbul etmək zorunda qalacaq.

Xankəndidə üçrəngli bayrağın ucaldılması Azərbaycanın növbəti qələbələrinin açarıdır və bu qələbələr qaçılmazdır.

Odur ki, Ermənistan bunu nə qədər tez anlayıb özlərini  növbəti fəlakətlərə sürükləyən addımlardan yayınsa, bir o qədər yaxşı olar”.

“Bu gün Azərbaycan xalqı lideri cənab İlham Əliyevin rəhbərliyi altında yuxuları çin edib yeni şanlı tarix və dastan yazmaqdadır”.

Bunu Gununsesi.info-ya açıqlaqmasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat  Prezidentin Xankəndi, Xocalıda, Ağdərədə bayraq sancması iki əsrə bərabər bir gün adlandırıb.

Onun sözlərinə görə, Azərbaycan son iki yüz ildən artıq müddətdə ilk dəfə olaraq belə möhtəşəm qələbələrə imza atıb. “Bütün bunlar məhz cənab Prezidentin yürütdüyü siyasət nəicəsində mümkün olub. Belə bir liderin rəhbərliyi altında Azərbaycan xalqının xəyalları və yuxuları çin olub. Bununla da cənab Prezident  tarixin səhvlərini aradan qaldıraraq yeni tarixi yazmış oldu. Bu ancaq və ancaq qələbə tarixidir. Bunu cənab prezident 20 illik fəaliyyəti ilə sübut edib”, – o qeyd edib.

O əlavə edib ki, Prezident Xankəndiyə bayraq sancmaqla ermənilərin indiyədək və bundan sonrakı niyyətlərinin üzərindən xətt çəkmiş oldu:

“Xankəndiyə bayrağın sancılması Azərbaycanın Cənubi Qafqazda liderliyini  və yeni reallıqlar yaratdığını ortaya qoydu. Dünya Azərbaycanın bu qələbəsini çox öyrənməli olacaq. Bununla bağlı dünyanın ən müxtəlif beyin mərkəzləri tərəfindən  çoxsaylı  analitik və elmi məqalələr, kitablar yazılacaq. Çünki Qarabağ məsələsi dünyanın ən mürəkkəb münaqişələrindən biri hesab olunurdu və bunu hamı etiraf edirdi. Belə bir mürəkkəb münaqişə ancaq  cənab İlham Əliyevin uzaqgörən, qətiyyətli, çevik, geosiyasi prosesləri Azərbaycanın xeyrinə dəyişməsi nəticəsində mümkün oldu. Əminəm ki, Azərbaycan cənab Prezidentin liderliyi altında hələ çox qələbələrə imza atacaq. Onun rəhbərliyi altında  türk dünyasının birliyinə, inkişafına xidmət edən Zəngəzur dəhlizi də açılacaq.  Bu gün bəzi ölkələrin əlində girov olan Ermənistan sülhdən yayınmaqdan isə qazanmayacaq, əksinə itirəcək. Vaxt gələcək Ermənistan sülh üçün Bakının ayağına düşəcək. O zaman isə gecikmiş sülhün  onlara  heç bir faydası da olmayacaq”.

 

Şəbnəm Rəhimova
Gununsesi.info