
Səmərqənddə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyasının 25-ci sessiyası öz işinə başlayıb.
Tədbir ilk dəfədir ki, qədim Özbəkistan şəhərində keçirilir.
Gununsesi.info xəbər verir ki, 2021-ci ilin dekabrında Madriddə keçirilən Dünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyası zamanı səsvermənin nəticələrinə əsasən Səmərqənd dünya səviyyəli turizm tədbirinin mərkəzinə çevrilib. Səsvermə zamanı Səmərqənd tədbirin keçirilməsinə digər namizədi – Lissabonu qabaqlayıb.
BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyasında 130-dan çox ölkədən nümayəndələr iştirak edəcək. UNWTO-nun baş katibi Zurab Pololikaşvili Səmərqəndə səfər edib.
Assambleyada müxtəlif ölkələrdən 1500-dən çox rəsmi və ekspert, o cümlədən nazirlər və yüksək səviyyəli liderlər iştirak edəcək. Forumda Türkiyəni mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazğı təmsil edir.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyasının açılışında iştirak etmək üçün Səmərqəndə səfər edib.
Səmərqənd zəngin tarixi və möhtəşəm mədəniyyət abidələri ilə diqqəti cəlb edir. Bu qədim şəhər Böyük İpək Yolunun tarixi yolunun üzərində yerləşir. Səmərqənd Özbəkistanın ikinci böyük şəhəridir. Burada eramızdan əvvəl VIII əsrə aid olan Səmərqənd tarixini əks etdirən 1000-dən çox mədəniyyət və memarlıq abidəsi var.
2007-ci ildə YUNESKO-nun himayəsi ilə Səmərqənd yaranmasının 2750 illiyini qeyd edib.
2001-ci ildə şəhər və onun tarixi memarlıq və arxeoloji abidələri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Səid Əhmədli
Gununsesi.info