
Bu gün Bişkekdə Türk Dövlətləri Təşkilatının media və informasiya məsələləri üzrə işçi qrupunun 10-cu iclası işə başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İclasda Türkdilli Xəbər Agentlikləri Birliyinin və Beynəlxalq Türk Xəbərləri Kanalının yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
İştirakçılar, həmçinin Qırğızıstanın hazırladığı Türk Dövlətləri Təşkilatının Jurnalistlər Birliyinin Nizamnamə layihəsinə münasibət bildirib, 2023-2024-cü illər üçün Fəaliyyət Planına daxil edilməsi ilə bağlı təkliflər verib və Özbəkistanda keçiriləcək 2-ci Beynəlxalq Media Forumunu müzakirə ediblər.
“Bu qrupun işinin əsas nəticələrindən biri T-BRAF-ın (Türk Dövlətlərinin Yayım Tənzimləmə Orqanları) təsis yığıncağının proqramı layihəsinə, T-BRAF Nizamnaməsinin layihəsinə və Türk Dövlətlərinin Yayım Tənzimləmə Orqanları Forumunun Birgə Bəyannamə layihəsinə baxılması olub. Müzakirələrin nəticələrinə əsasən, T-BRAF-ın təsis yığıncağının 9 noyabr 2023-cü il tarixində İstanbulda keçirilməsi planlaşdırılır”, – deyə nazirlikdən bildirilib.
Səid Əhmədli
Gununsesi.info