İsrailin Qəzzaya hücumu nəticəsində 11 jurnalist həlak olub

İsrail ordusunun oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində 11 jurnalist həlak olub, 20-dən çox media işçisi yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Jurnalistlər Birliyinin Azadlıqlar Komitəsinin hesabatında deyilir.

Məlumatda o da qeyd olunur ki, iki media işçisi itkin düşüb.

Sənəddə fələstinli jurnalistlərə qarşı hücumların artmasına diqqət çəkilir, həmçinin 20-yə yaxın jurnalistin evinə hücumlara işarə edilir.

Hesabatda jurnalistlərin evlərinə edilən hücumlarda mətbuat mənsublarının ailələrinin öldüyü və yaralandığı xatırladılır.

“Əl-Cəzirə”nin ofisi, Fələstin televiziyası, Əqsa media şəbəkəsi, “Maan” xəbər agentliyi, “Əl-Qüds” qəzeti və bəzi radiostansiyalar İsrailin atəşinə məruz qalıb.

Hesabatda İordan çayının qərb sahilində çoxlu sayda fələstinli jurnalistin yaralandığı da bildirilir. Mətbuat nümayəndələri döyülüb, saxlanılıb, xəbər yaymaqdan imtina edilib, güllələnib, mətbuat materialları müsadirə edilib məhv edilib.

Səid Əhmədli
Gununsesi.info