Səməd Seyidov Bəxtiyar Hacıyevin həbsindən danışdı -ÖZƏL

  • By admin
  • 17 Dekabr 2022 17:21

Tanınmış ictimai-siyasi fəal Bəxtiyar Hacıyev haqqında həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarı cəmiyyətin və beynəlxalq ictimaiyyətin xüsusi tənqidinə səbəb olub .

Ölkənin peşəkar hüquşünasları da onun ittiham olunduğu maddələrin həbs-qətimkan tədbiri üçün əsas olmadığını deyir.

HTML tutorial

Bu arada Avropa İttifaqı,  ABŞ hökuməti və beynəlxalq insan haqları təşkilatları bu həbsə görə Azərbaycan hakimiyyətini tənqid edir.

Bəs görəsən,  bu cür absurd bir hökmə görə, ölkəni beynəlxalq qurumların hədəfinə çıxarmaq nə dərəcədə doğrudur?

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Gununsesi.info-ya açıqlamasında Hacıyevin həbsinə münasibət bildirib.

Hacıyevin həbsi ilə bağlı məhkəmə qərarı ətrafında siyasi müzakirələrin doğru olmadığını deyən Səməd Seyidov bildirib ki, qarşıdakı hüquqi mərhələlərə baş vurmaq daha doğru olardı:

“Bəxtiyar Hacıyevin həbsini siyasiləşdirmək doğru deyil. Bu gün Azərbaycanda insan haqları ilə bağlı çox ciddi addımlar atılır.  Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı  xeyli müsbət, düzgün addımlar atılıb. İndi siz konkret Bəxtiyar Hacıyevin işi ilə bağlı sual verirsiniz. Mən hesab edirəm ki, məhkəmə qərarının bu səviyyədə müzakirəsi o qədər də düzgün deyil. Hər bir halda Azərbaycanda məhkəmə sistemi islahatlar proqramını həyata keçirir və əminəm ki,  bu addımlarla beynəlxalq səviyyədə də biz öz sözümüzü deyə biləcəyik.

Beynəlxalq təşkilatların bəyanatlarına, yanaşmasına gəlincə,  bir misal deyim. Fransanın Korsika adasında ciddi davalar, nümayişçilərə qarşı zorakılıq, onlara qarşı silah istifadə olunması halları var.

Demək olar ki, bütün hüquqlarının pozulması ilə bağlı hakimiyyət addımlar atır. Bir nəfər bu haqda söhbət açır?  Biz Avropa Şurasında bu məsələni qaldırdıq ki, Fransa bu saat Azərbaycanda güya Laçın dəhlizində baş verənlərlə  hansısa bir fikir irəli sürür. Getsinlər, Korsikada baxsınlar camaatı nə günə salıblar. Onlar orda nələr törədirlər. Ona görə də beynəlxalq təşkilatlar siyasi oyun oynamasın və Azərbaycanla bağlı hər hansı bir fikir söyləyəndə o demək deyil ki, bu həqiqətdir. Azərbaycanda demokratik dəyərlər çox ciddi şəkildə qorunur, inkişaf etdirilir, islahatlar prosesi gedir. Hər hansı bir məsələ gündəmə gələndə isə araşdırırlar. Siz deyən məsələni də araşdıracaqlar.

Bəxtiyar Hacıyevin qarşıda məhkəmə mərhələləri var. Mən inanıram ki, obyektiv qərar olacaq”.

 

Pərviz

GUNUNSESİ.İNFO