Sərhəddə kabus: Minlərlə immiqrant ABŞ-a yürüş edir

Son zamanların ən böyük immiqrant böhranı ABŞ-Meksika sərhədində baş verir. Uşaqlar da daxil olmaqla minlərlə immiqrant sərhədi keçmək üçün ABŞ-a piyada gedir.

Gununsesi.info xəbər verir ki, Milad bayramı zamanı Meksikada toplaşan minlərlə immiqrant ABŞ-a qeyri-qanuni yollarla daxil olmaq üçün sərhədə yürüş edir.

ABŞ-da immiqrant böhranı böyüdükcə 10 minə yaxın immiqrant Qvatemala sərhədindən yola düşüb və Meksika sərhədindən ABŞ-a daxil olmağı hədəfləyir. ABŞ rəsmiləri də keçən ildən bəri bölgədəki ən böyük mühacir yürüşünə qarşı sərhəddə həyəcan keçirirlər.

Son zamanlar Fələstin-İsrail müharibəsi səbəbilə Yaxın Şərqə diqqət yetirən ABŞ dövlət katibi Antoni Blinken mühacir böhranının şiddətləndiyi bir vaxtda Meksika lideri Andres Manuel Lopez Obradorla görüşmək üçün tələsik bu ölkəyə gedib.

ABŞ rəsmiləri qeyd edir ki, təkcə noyabr ayında Meksikadan ABŞ-a 242 mindən çox qeyri-qanuni immiqrant keçib. Bir çox immiqrant ABŞ-a təhlükəli marşrutları keçmək üçün həyatlarını riskə atırlar.

ABŞ prezidenti Bayden keçən həftə görüşdüyü Meksika lideri Obradorla sərhəddə təhlükəsizliyi artırmaq üçün razılığa gəlib. Obrador isə ABŞ-ın Kuba və Venesuelaya tətbiq etdiyi sanksiyaların aradan qaldırılması və Latın Amerikası ölkələrinə yardımların artırılmasının miqrant böhranını yüngülləşdirəcəyini bildirir.

Gununsesi.info