Ərbakan Ərdoğandan o şəhəri istədi – Seçki görüşməsi

Türkiyənin Yenidən Rifah Partiyası (YRP) hakimiyyətdə olan Ədalət Və İnkişaf Partiyasından (AK Partiya) “Konya Böyükşəhər bələdiyyə sədrliyini istədiyi” iddia olunur. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, gələn il martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə vaxt yaxınlaşdıqca partiyalardakı ittifaq cəhdləri də sürət qazanır. Bu çərçivədə çərşənbə günü Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ilə YRP sədri Fatih Ərbakan bir araya gəlib.

Görüşdən sonra Ərbakan 31 martda keçiriləcək bələdiyyə seçkilərində AK Partiya ilə əməkdaşlığa qapını açıb. Ərdoğanla görüş barədə danışan Fatih Ərbakan qarşıdan gələn seçkilərlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib. “Ümid edirəm ki, bu, yaxşı nəticələrə gətirib çıxaracaq”, – deyə o bildirib.

Türkiyənin “Cümhuriyet” qəzetinin xəbərinə görə, Yenidən Rifah Partiyasının (YRP) AK Partiyadan “Konya Böyükşəhər Bələdiyyə sədrliyi xahişi” olduğu iddia edilir. “Konyanın Rifah Partiyasının qurucusu Nəcməddin Ərbakanla əlaqəli olduğunu və YRP üçün önəmli olduğu, 31 martda keçiriləcək seçkilərdə İstanbul və Ankarada AK Partiyaya dəstək vermək müqabilində Konyanın YRP-yə buraxılmasını xahiş ediblər”, – deyə qəzet yazır.

Bununla belə, Rəcəb Tayyib Ərdoğanın “bir müddət prezident kabinetində adı da hallanan Konya Böyükşəhər Bələdiyyə sədri Uğur İbrahim Altayın işini bəyəndiyi və Konyaya üstünlük verməsinin yenə Altayın lehinə olduğu” iddia edilir.

Gununsesi.info