
Qəzza zolağında təxminən 50 min hamilə qadın əsas sağlamlıq xidmətlərindən məhrumdur.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, blokada altındakı Fələstin anklavında bu ay 5500 hamilə qadın uşaq dünyaya gətirəcək.
BMT-nin Əhali Fondu bildirib ki, Qəzza zolağındakı hamilə qadınların təcili olaraq müdafiəyə və sağlamlıqlarına nəzarətə ehtiyacı var.
Təşkilat tərəfləri beynəlxalq insan haqları standartlarına əməl etməyə çağırıb.
Bu arada UNFPA-nın direktoru Dominik Allen CNN-ə müsahibəsində Qəzza zolağında səhiyyə sisteminin kövrək olduğunu və çökmək üzrə olduğunu bildirib.
Allen Qəzzada hamilə qadınların vəziyyətindən narahat olduğunu bildirib.
“Qəzzada humanitar yardım təmin edilməlidir” deyən Allen, hamilə qadınların həyat qurtaran sağlamlıq xidmətlərinə çıxışına ehtiyac olduğunu əlavə edib.
Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
İsrail-Fələstin münaqişəsinin gərginləşdiyi vaxtdan bəri 2600-dən çox fələstinli və 1300 israilli həlak olub.
İsrail həmçinin Qəzza zolağına su və elektrik tədarükünü əngəlləyib və bu, 2007-ci ildən blokadada olan bölgədə yaşayış şəraitini daha da pisləşdirib.
Səid Əhmədli
Gununsesi.info