QHT nümayəndələri üçün “İqlim dəyişmələri və COP” mövzusunda təlim keçirilir

Mayın 13-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə QHT-lər üçün “İqlim dəyişmələri və COP” mövzusunda təlimin rəsmi açılış mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, təlimdə 100 QHT-dən nümayəndələr iştirak edəcəklər.

Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib ki, bu gün Azərbaycan dövləti COP29-a ciddi hazırlaşır. Qlobal iqlim dəyişmələri, COP mövzusu çox geniş olduğundan ictimaiyyətin düzgün məlumatlandırılması, yeni istiqamət olan bu sahədə biliklərin artırılması çox vacibdir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal siyasətə təsir göstərən addımları sayəsində dünyada böyük hörmət və nüfuz qazanıb. İqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə yardım Azərbaycanın COP29-un ev sahibi ölkəsi kimi əsas qlobal təşəbbüslərindən biridir. Azərbaycan, həmçinin müharibə aparan dövlətləri “COP atəşkəsi” təşəbbüsünə qoşulmağa, silahı yerə qoymağa, danışıqlar masasına keçməyə çağırır. Bu mənada COP29 həm də dünyaya sülh mesajıdır. Sevincirici haldır ki, Azərbaycan QHT-ləri öz fəaliyyətlərində bütün bu çağırışları və spektrləri nəzərə alır, tərəfdaşlarını, dünya dövlətlərini COP üçün vacib sənədlərdən biri olan İkiillik Şəffaflıq Hesabatlarını (BTRs) vaxtında təqdim etməyə həvəsləndirir”, – deyə o əlavə edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ADA Universiteti və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “İqlim dəyişmələri və COP” mövzusunda təlimin keçirilməsini yüksək qiymətləndirib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə deyib ki, Agentlik bundan sonra da QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması üçün vacib proqramlar icra edəcək.

Qeyd edək ki, ADA-da təşkil olunan peşəkar təlimdə QHT nümayəndələri iqlim dəyişmələri konseptləri, bu sahədə əsas meyil və təzahürlər, BMT-nin İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının əsas müddəaları ilə yaxından tanış olacaqlar.

Yekunda təlim iştirakçılarına sertifikatlar veriləcək.

Gununsesi.info