
Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycanın növbəti dəfə qlobal miqyaslı bir tədbirə ev sahibliyi etdiyini və dünyanın bütün diqqətini üzərinə toplamağı bacardığını deyib.
Deputat “Report”a açıqlamasında qeyd edib ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində önəmli görüş və müzakirələr keçirilib.
Onun sözlərinə görə, tədbirdə daha inklüziv dünya və sülh necə yaratmaq olar, fərqli etnik qruplar arasında dialoqu necə artırmaq olar kimi kritik suallar bir neçə gün Azərbaycanın paytaxtından bütün dünyaya ünvanlanıb:
“Bu kimi fəaliyyətlər, əlavə olaraq COP29 çərçivəsində görülməkdə olan tədbirlərin hazırlıq prosesindəki ciddiyyət bir daha təsdiq edir ki, Azərbaycan, daha yaxşı bir dünya uğrunda fəal mübarizə aparan dövlətlərdən biridir. Bu gün ölkəmizdə inkişaf amili özünü bütün cəhətlərdən və bütün tendensiyalarda göstərməkdədir. Müstəqilliyimizin dərhal ardından hər nə qədər çox böyük və dərin fəlakətlərlə qarşılaşsaq da, bu gün Prezident İlham Əliyev rəhbərliyində bütün yaralar sağalır, dövlətimiz və dövlətçiliyimiz güclənir və şübhəsiz ki, özünün intibah dövrünü yaşayır. Buna baxmayaraq, hələ də bəzi qüvvələr var ki, dövlətçiliyimizin güclənməsini mənfur maraqları üçün təhdid olaraq qəbul edir. Bu amil təəssüf ki, sadəcə Şvabe (Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe – red) kimi anti-Azərbaycan sifarişlərini yerinə yetirən xarici qüvvələrin yox, eyni zamanda daxildə də özünü radikal müxalifət adlandıran qüvvələrin niyyətlərində müşahidə edilir. Bəs nədir bu xarici və yerli Şvabeləri narahat edən amillər?!”.
Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının ardından olduqca gülünc, amma bir o qədər də ciddi ittihamlarla qarşılaşırıq: “Həmin ittihamların heç bir əsası yoxdur.Ölkəmizin inkişafı, nailiyyətləri göz qarşısındadır və bunu sarsıtmaq heç bir halda mümkün deyil”.
“Necə ola bilər ki, bu gün “mən azərbaycanlıyam” deyən şəxslər hansısa xarici ölkələri, qurumları Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmağa çağırırlar? Bu qüvvələr nə zaman xalqın yanında olmağı bacaracaqlar? Mitinq keçirmək üçün elə nöqtələr seçməyə çalışırlar ki, əhalinin sıxlıq təşkil etdiyi yerlər olsun. Bütün bunlar nəyə hesablanıb? Xalqın gözü tərəzidir. Xalqımız əyrini düzdən seçməyə qadirdir və açıq şəkildə ortadadır ki, necə ki Şvabelər xaricdən, eləcə də radikal müxalif qüvvələr daxildən ölkəmizə qarşı açıq kampaniya aparır. Onlar əllərindən gələni etməyə çalışır ki, atdığımız addımlar büdrəsin, güclənməkdə olan dövlətçilik sarsılsın”,- N.Həmzəyev vurğulayıb