
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə JW Marriot Absheron hoteldə “Yaşıl dünya naminə həmrəylik ili”ndə Media Gündəmi adlı təlim keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, təlimi COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli çempionu, moderator Nigar Arpadarai öz giriş sözü ilə açıb.
Onun sözlərinə görə, “Yaşıl dünya naminə həmrəylik ili” layihəsinin ölkəmiz üçün xüsusi əhəmiyyəti var.
Sonra Yaşıl iqtisadiyyatdakı keçid baxımından ölkədəki durumu dəyərləndirmək, gedən proseslərin təhlili üçün sözü çıxışçılara verib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov; Dövlət Neft Şirkətinin (SOCAR) Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı; Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurrahmanov çıxış edib.
Qonaqlar çıxışlarında qeyd ediblər ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
İlhamə
Gununsesi.info