
Norveç hökuməti Ukraynadakı müharibə, COVID-19 pandemiyasının nəticələri və iqlim böhranı fonunda taxıl ehtiyatının yığılmasına başlamaq üçün saziş imzalayıb.
Gununsesi.info xəbər xarici mediaya istinadən verir ki, Kənd Təsərrüfatı və Qida Naziri Qeyr Pollestad və dörd özəl şirkət 30 min ton taxılın saxlanmasına dair müqavilə imzalayıb.
Norveç hakimiyyəti, həmçinin onilliyin sonuna qədər təxminən 82,5 min ton taxıl qəbul etmək üçün taxıl ehtiyatlarını 2029-cu ilə qədər artırmağı davam etdirmək niyyətindədir.
Nazirin sözlərinə görə, yarana biləcək böhran vəziyyətində Norveç əhalisinin üç aylıq istehlakı üçün kifayət qədər taxıl ehtiyatı var.
Bu ilin birinci rübünə olan məlumata görə, Norveçin əhalisi 5,6 milyon nəfər olub.
Krallığın hökuməti daha əvvəl 1950-ci illərdə oxşar ehtiyatlar yaradıb, lakin bu təşəbbüs 2003-cü ildə bağlanıb.
Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Norveç hakimiyyəti fövqəladə hallara hazırlıq sistemlərinin güclü və zəif tərəflərini qiymətləndirmək üçün komissiya yaradıb.
Bildirilir ki, komissiya taxıl ehtiyatlarının yenilənməsini tövsiyə edib. Dövlət bu məqsədlər üçün ildə təxminən 6 milyon dollar ayırmağı planlaşdırır.
Qeyd edək ki, Norveçdə, Şpitsbergen adasında, əsas kənd təsərrüfatı bitkilərinin toxumlarının nümunələrinin toplandığı Dünya Toxum Anbarı yerləşir.
Şəbnəm
Gununsesi.info