
“Cənub-Şərqi Asiyada təhlükəsizliyə ən böyük təhdid ABŞ-ın regionda geosiyasi qarşıdurma yaratmaq siyasətindən qaynaqlanır”.
Gununsesi.info xəbər verir ki, bunu Çin xarici işlər nazirinin müavini Sun Veydonq bildirib.
O, qeyd edib ki, Vaşinqton öz strateji maraqlarını rəhbər tutaraq Asiyada bir-birinə zidd düşərgələr yaratmaq siyasəti yürüdür: “Bu, regionda silahlanma yarışına gətirib çıxarır, Cənub-Şərqi Asiyada yerləşən ölkələr arasında ziddiyyətləri və fikir ayrılıqlarını artırır, onların inkişafına zərər verir”.
Vaşinqtonun Cənub-Şərqi Asiyada orta mənzilli raket sistemləri yerləşdirməsinə cavab olaraq Çin tərəfi ABŞ-ı belə addımların təhlükəsi barədə məlumatlandırıb. Sun Veydonqun sözlərinə görə, bu cür hərəkətlər regional təhlükəsizliyə ciddi təhlükə yaradır və Asiyada sabitliyə və rifaha zərər verir.
Bildirilir ki, Pekin Soyuq Müharibə atmosferinin canlanmasına və Asiyada blok qarşıdurmasının təxribatına qəti şəkildə qarşıdır.
Sun Veydonq bildirib ki, Çin regiondankənar qüvvələrin vəziyyətin sabitliyini pozmağa və silahlanma yarışını stimullaşdırmağa yönəlmiş heç bir hərəkətini qəbul etmir.
Qeyd edək ki, Cənub-Şərqi Asiyada təhlükəsizlik və sabitlik regionun əksər dövlətlərinin maraqlarına uyğundur.
Buna görə də Cənub-Şərqi Asiyada sülhü təmin etmək üçün birlikdə işləmək lazımdır ki, bu da inkişaf və tərəqqi üçün şərait yaradır.
Gununsesi.info