Şoyqu və Gerasimovun həbsinə order verildi

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Palatası Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimov və keçmiş müdafiə naziri Sergey Şoyqunun həbsinə order verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Gerasimov və Şoyqu hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə şübhəli bilinir.

Bildirilir ki, həbs qərarlarının əsası Rusiya ordusunun Ukraynada mülki hədəflərə qarşı həyata keçirdiyi hücumlar olub.

Məhkəmənin məlumatına görə, ittiham aktında qeyd olunan cinayətlər ən azı 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək törədilib.

2023-cü ilin yazında BCM Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.

Buna səbəb ukraynalı uşaqların Rusiyaya məcburi köçürülməsi olub (Rusiya hakimiyyəti bunun uşaqların özlərinin təhlükəsizliyi üçün edildiyini təkid edir).

Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil, ona görə də onun tələblərini yerinə yetirməyə bilər.

Qeyd edək ki, Roma Statutunu ratifikasiya etmiş, ərazisində olduqları hər bir ölkə BCM tərəfindən axtarışda olan insanları həbs etməyə borcludur.

 

 

Şəbnəm

Gununsesi.info