Moskvaya pilotsuz təyyarələrlə hücum cəhdinin qarşısı alındı

Rusiya Müdafiə Nazirliyi paytaxt Moskvanın qərbindəki Kaluqa vilayəti üzərində Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinin qarşısı alındığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın 6 PUA ilə hücum cəhdi ilə bağlı “Kiyev rejiminin bu gecə Kaluqa vilayəti üzərində PUA ilə terror aktı törətmək cəhdi” ifadələri işlədilib.

Rusiya hava hücumundan müdafiə sistemlərinin 6 PUA-nı məhv etdiyi məlumatı paylaşılan açıqlamada bloklanan hücum nəticəsində can itkisi və ya tələfatın olmadığı bildirilib.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa da sosial media hesabında hava hücumundan müdafiə sistemlərinin gecə saatlarında bölgənin cənub-qərbində 6 PUA-nı vurduğunu və itki və dağıntı olmadığını bildirib.

Bildirilib ki, iyulun 24 və 28-də Ukrayna PUA-larla Moskvaya hücumlar həyata keçirib və ölən və xəsarət alan olmayıb.

İyulun 30-u və avqustun 1-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz təyyarələrlə Moskva və Moskva vilayətinə hücuma cəhd etdiyini açıqlayıb. Hər iki hücumda PUA Moskva-Siti bölgəsindəki göydələni vuraraq binaya ziyan vurub.

Gununsesi.info